“Xəzər İntellekt Gənclər Klubu”nun layihəsi olan Peşəkar İntellekt Liqasının 2017-2018 mövsümünün artıq 4 turu geridə qalıb. Peşəkar İntellekt Liqasının oyunları Bakı Beynəlxalq Dəniz Ticarət Limanı və Odlar Yurdu Universitetinin dəstəyi ilə keçirilir.
Peşəkar İntellekt Liqası gənclərə asudə vaxtlarının səmərəli təşkil edilməsi, intellektual oyunlara marağın artırılması və yerli sual müəlliflərinin stimullaşdırılması məqsədini güdən bir fəaliyyət növüdür.
Liqada cari ilin sentyabr ayının 24-də baş tutan ilk tur Elmidar Süleymansoy, Çingiz Məmmədov və Bəhruz Aydınlının redaktorluğu ilə yazılmış sual paketi ilə start götürüb. İlk turda “Prestij” komandası 26 suala düzgün cavab verərək birinci yerin sahibi olub. “Revolver” və “Jagermeister” komandaları hərəyə 23 sual taparaq 2-3-cü yerləri bölüşdürüblər. 29 sentyabr tarixində Orxan Cəlilov, Urfan Orucov və Elçin Şabanovun redaktorluğu ilə keçirilən ikinci turda “Vendomat” komandası 22 xalla 1-ci, “Jagermesiter” 16 düzgün cavabla 2-ci, “NİK” komandası isə 13 düzgün cavabla 3-cü yeri tutub. 1 oktyabrda Fuad Eminov, Cavid Məmmədov və Vüqar Məmmədovun redaktorluğu ilə baş tutan 3-cü turda “Vendomat” komandası rəqiblərinə şans verməyib və 25 suala düzgün cavab verərək qalib gəlib. “NİK” və ”Prestige” komandaları 20 suala düzgün cavabla 2-3-cü yerləri bölüşüblər.
Liqanın 8 oktyabr tarixində baş tutan 4-cü turu da maraqlı və rəngarəng suallarla yadda qalıb. Cavid Məmmədov, Nəriman Vəliyev və Nail Qasımzadənin hazırladığı suallar paketində 36 sualdan 27-ə düzgün cavab verən “Vendomat” komandası yenə də əlçatmaz olub. “Jagermeister” 22 düzgün cavabla 2-ci, “Prestige” komandası isə 20 cavabla ilk 3-lüyü tamamlayıb.
Qeyd edək ki, Peşəkar İntellekt Liqasında oyunlar hər bazar günü Odlar Yurdu Universitetində təşkil olunur. Əlaqə və digər məlumatları Xəzər İntellekt Gənclər Klubu Facebook səhifəsindən izləyə bilərsiniz.