Nərimanov rayonunda “Təcrübə Akademiyası”nın növbəti təlimləri və bağlanışı keçirilib

13 İyul, 2021

Nərimanov rayonunda “Təcrübə Akademiyası”nın növbəti təlimləri və bağlanışı keçirilib

13 iyul 2021-ci il tarixində “Odlar Yurdu” Universitetində, açıq havada, “Odlar Yurdu” Universitetinin və Nərimanov Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə yeniyetmə və gənclər üçün “Təcrübə Akademiyası”nın növbəti təlimləri və bağlanışı keçirilib.

Tədbirdə Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov, “Odlar Yurdu” Universitetinin Tədrisin təşkili və yeni təlim texnologiyaları üzrə prorektoru Qabil Qafarov, Azərbaycan Kooperasiya Universitetinin Mətbuat və İctimai İşlər Xidmətinin rəhbəri Tamerlan Əkbərov, Qhtxeber.az saytının baş redaktoru, sosial media eksperti Sənan Nəcəfov, “Odlar Yurdu” Universitetinin pedaqoqu, Yaşam Psixologiya Mərkəzinin rəhbəri Könül Cəfərova və 60 nəfər yeniyetmə və gənc iştirak ediblər.

Təlimlərdə Qhtxeber.az saytının baş redaktoru, sosial media eksperti Sənan Nəcəfov və “Odlar Yurdu” Universitetinin pedaqoqu, Yaşam Psixologiya Mərkəzinin rəhbəri Könül Cəfərova qeyd etdilər ki, biz evdə ailə üzvlərimizlə, məktəbdə müəllim və sinif yoldaşlarımızla ünsiyyətdə oluruq. Başqalarından məlumat alır, öz hiss və düşüncələrimizi onlara çatdırırıq. Ünsiyyət nitq vasitəsilə baş verir. Biz başqalarını dinləyir, onların yazdığını oxuyur, öz fikirlərimizi yazmaq və danışmaqla ifadə edirik. Beləliklə, ünsiyyət zamanı dörd nitq bacarığından istifadə edirik: dinləmə, danışma, oxu, yazı. Dinləmək və oxumaq bacarığı başqalarını anlamaq, məlumat almaq üçündür. Danışmaq və yazmaq bacarığı isə düşündüklərimizi başqalarına çatdırmağa kömək edir. Dinləyərkən və danışarkən istifadə edilən söz və cümlələr səslərlə ifadə olunur. Ona görə də dinləmə və danışma şifahi nitqə aid olan bacarıqlardır.

Daha sonra təlimçilər gəncləri maraqlandıran sualları cavablandırdılar.

Bağlanış mərasiminində Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov və “Odlar Yurdu” Universitetinin Tədrisin təşkili və yeni təlim texnologiyaları üzrə prorektoru Qabil Qafarov qeyd etdilər ki, “Təcrübə Akademiyası”nın məqsədi “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının icrası, könüllülük fəaliyyətinin gənclər arasında təbliğ edilməsi, ideya təkliflərinin müzakirəsi, könüllü fəaliyyətlərə həvəsləndirilməsi, yeniyetmə və gənclərin asudə vaxtının səmərəli təşkil edilməsi və onları maraqlandıran sualların cavablandırılmasıdır.

Sonda təlimçilər Nərimanov Rayon Gənclər və İdman İdarəsi tərəfindən “Təcrübə Akademiyası” çərçivəsində təlimlərin keçirilməsində yaxından köməklik etdiyinə görə təşəkkürnamələr və iştirakçılar təlimlərdə fəal iştirak etdiklərinə görə sertifikatlarla təltif olundular.