Fəxri Məzunlarımızı siz də tanıyın!

23 Noyabr, 2017

Fəxri Məzunlarımızı siz də tanıyın!

Əliyev Səbuhi Osman oğlu 7 sentyabr 1982-ci ildə Ağdaş rayonunda ziyalı ailəsində anadan olmuşdur.

Orta təhsilini 1989-1999-cu illərdə Ağdaş rayon Müşviq İsayev adına 1 saylı orta məktəbdə almışdır. 1999-cu ildə Odlar Yurdu Universitetinin “Hüquq” fakültəsinə daxil olmuş, 2003-cü ildə təhsilini “Hüquqşünas” ixtisası üzrə, “Vahid Qəhrəmanov” adına təqaüdçü olaraq əla qiymətlərlə bitirmişdir. Təhsil aldığı müddətdə universitetin elmi, ictimai-siyasi, mədəni həyatında fəal rol oynamış və fərqlənmiş, universitetin Tələbə Elmi Cəmiyyətinin və Tələbə Həmkarlar Təşkilatının sədri olmuşdur.

2003-cü ildə universitetin “Mülki hüquq” ixtisası üzrə “Magistratura” şöbəsinə daxil olmuş və 2005-ci ildə təhsilini universitetdə təsis olunan ən yüksək təqaüdlə - “Heydər Əliyev” adına təqaüdçü olaraq əla qiymətlərlə başa vurmuşdur. Həmin il Odlar Yurdu Universitetinin “Cinayət hüququ və kriminologiya” ixtisası üzrə “Aspirantura” şöbəsinə daxil olmuşdur. Aspirant olaraq, dövlət və cəmiyyət tərəfindən xüsusi diqqət yetirilən, iqtisadiyyatın əsasını təşkil edən sahibkarlıq fəaliyyətinə qarşı törədilən cinayətləri tədqiq etmiş və nüfuzlu tədbirlərdə elmi tezislərini irəli sürmüş və məqalələrlə çıxış etmişdir.

2009-cu ildə Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə və Hüquq İnstitutunun nəzdində yaradılmış Dissertasiya Şurasında “Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar yaranan münasibətlərin cinayət-hüquqi mühafizəsi məsələləri” adlı dissertasiya işini uğurla müdafiə etmişdir. Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının 05.10.2010-cu il tarixli qərarı ilə hüquq üzrə fəlsəfə doktoru (PHD) elmi dərəcəsini almış hüquqşünas alimdir. S.Əliyev respublika üzrə hüquq sahəsində alimlik dərəcəsini əldə edən ən gənc iddiaçılardan biri olmuşdur.

Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə və Hüquq İnstitutunun Elmi Şurasının 30.11.2011-ci il tarixli, 11 saylı protokoluna əsasən, “Cinayət hüququ və kriminologiya; cəza-icra hüququ” ixtisası üzrə doktorant təsdiq edilmişdir və onun “Bank fəaliyyəti əleyhinə törədilən cinayətlərlə mübarizənin cinayət-hüquqi və kriminoloji problemləri” adlı doktorluq dissertasiyasının mövzusu təsdiq edilmişdir. O, hazırda doktorluq dissertasiyasını müdafiə etmək üzrədir.

Onun “Qanuni sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə qarşı törədilən cinayətlərin xüsusiyyətləri” adlı monoqrafiyası 2011-ci ildə, “Bank fəaliyyəti əleyhinə törədilən cinayətlərlə mübarizənin cinayət-hüquqi və kriminoloji problemləri” adlı monoqrafiyası isə 2017-ci ildə işıq üzü görmüşdür. O, 2007-ci ildə çap olunmuş “Konstitusiya və hüququn əsasları” adlı dərsliyin yazılmasında yaxından iştirak etmişdir.

S.Əliyev ölkənin ən tanınmış hüquqşünas alimləri ilə birlikdə hazırlanmış Azərbaycan Respublikasının Cinayət Qanunları Külliyyatının (almanax), Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin Kommentariyasının, hüquqşünaslar üçün test toplularının həmmüəllifidir.

S.Əliyev ölkədə və xaricdə keçirilən 60-dan çox elmi konfransda məqalə və tezislərlə çıxış etmişdir və məqalələri beynəlxalq elmi jurnallarda dərc edilmişdir.

S.Əliyev eyni zamanda iqtisadi biliklərə də yiyələnmiş və bu məqsədlə Azərbaycan Dövlət İqtisad Universitetində “Maliyyə” ixtisası üzrə, Azərbaycan Turizm və Menecment Universitetində isə “Biznesin idarə edilməsi” ixtisası üzrə əlavə təhsil almışdır.

2010-cu ildə Azərbaycanın gənclərdən ibarət nümayəndə heyətinin tərkibində Fransanın Strasburq şəhərində yerləşən Avropa Şurası və Avropa İnsan Hüquqları Məhkəməsində olmuş, bu beynəlxalq təşkilatların fəaliyyəti ilə yaxından tanış olmuşdur. Avropa Şurasının Baş Katibinin imzası ilə Fransanın Strasburq şəhərində Avropa Şurasının Sertifikatına, Amerika Hüquqşünaslar Assosasiyasının, Böyük Britaniyanın “Bournemouth Business School International” təşkilatının, müxtəlif nazirlik, dövlət müəssisələri və digər hüquq-maarifçilik təşkilatlarının, təhsil müəssisələrinin, ictimai birliklərin diplom və sertifikatlarına layiq görülmüşdür.

Əmək fəaliyyətinə 2004-cü ildə “MuğanBank” ASC-də Kredit Departamentinin mütəxəssisi kimi başlamış, daha sonra hüquqşünas və Hüquq Departamentinin direktoru vəzifəsində çalışmışdır. 2005-ci ildən 2014-cü ilədək “AtaBank” ASC-də hüquqşünas olaraq çalışmış və bankın Hüquq Departamentinin direktoru işləmişdir. Bu müddət ərzində bankın Kredit Komitəsinin və İşə Qəbul Komissiyasının üzvü olmuşdur.

2014-cü il tarixindən 2016-cı ilədək “Synergy Group” ASC-də Hüquq Departamentinin direktoru, İdarə Heyətinin üzvü və Müşahidə Şurasının üzvü vəzifələrində çalışmışdır. 12.04.2016-cı il tarixindən isə, “AtaBank” ASC-nin İdarə Heyətinin sədr müavini vəzifəsində çalışır.

2012-ci ildən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasının “Cinayət hüququ” Kafedrasında müəllim kimi elmi-pedoqoji fəaliyyətlə məşğul olur.

Ailəlidir, iki övladı var.