Odlar Yurdu Universitetində Ümummilli Lider Heydər Əliyevin anım gününə həsr olunmuş “Breyn-Rinq” bilik yarışı keçirildi

02 Dekabr, 2017

Odlar Yurdu Universitetində Ümummilli Lider Heydər Əliyevin anım gününə həsr olunmuş “Breyn-Rinq” bilik yarışı keçirildi

02 dekabr 2017-ci il tarixində Odlar Yurdu Universitetinin və Odlar Yurdu Kollecinin I kurs tələbələri arasında Ümummilli Lider Heydər Əliyevin anım gününə həsr olunmuş “Breyn-Rinq” Bilik yarışı keçirildi. Yarışın məqsədi Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin irsinin tədqiqi və gənclər arasında geniş təbliği, Azərbaycan tarixinin dərindən öyrənilməsi, gənc nəslin elmə və maarifləndirici yarışlara marağının artırılması, milli-mənəvi dəyərlərə malik, sağlam əqidəli, vətənpərvər, müasir dünyagörüşlü şəxsiyyət kimi formalaşmalarıdır.

Yarışa hazırlıq məqsədilə komandalar, Odlar Yurdu Universitetinin Heydər Əliyev irsinin öyrənilməsi institutunda ümummilli liderin həyat və fəaliyyətinə dair məlumatlar əldə etmiş, burada olan materiallar əsasında araşdırma aparmış və yüksək səviyyədə yarışa hazırlaşmışdır.

Yarışı giriş sözü ilə açan Tələbə Elmi Cəmiyyətinin sədri Arzu Cəfərzadə, müasir Azərbaycanın qurucusu ulu öndər Heydər Əliyevin Azərbaycanı məhv olmaq təhlükəsindən xilas etdiyini, vətəndaş müharibəsinin qarşısını aldığını və ölkədə siyasi sabitlik yaratdığını vurğulamışdır. O, həmçinin ulu öndərin iqtisadiyyatın inkişafında, əhalinin rifahının yüksəldilməsində, dövlətçiliyin möhkəmləndirilməsindəki əvəzsiz xidmətlərindən bəhs edib.

Daha sonra Arzu Cəfərzadə yarışın şərtləri barədə tələbələri məlumatlandıraraq, bilik yarışına start verdi. Yarış gərgin və maraqlı mübarizə şəraitində keçdi. Münsiflər heyəti komandaların cavablarını qiymətləndirərək, nəticələri açıqladı. Nəticədə, Odlar Yurdu Universitetinin 642 F2444 MU, Odlar Yurdu Kollecinin 17 PT17 BİT qrupları yarışın final oyununa vəsiqə qazanmışdır.

Bu komandalar, Heydər Əliyevin anım günü münasibətilə keçiriləcək yekun tədbirdə III yerlər uğrunda mübarizə aparacaqlar. Qalib komandalar Fəxri Fərman və kubokla təltif olunacaqlar.