17 dekabr 2017-ci il tarixində, Odlar Yurdu Universitetində Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə təşkil olunan VIII “Fənlərin Dostluğu Olimpiadası”nın birinci mərhələsi keçirilmişdir. Olimpiadada ümumtəhsil məktəblərinin Azərbaycan bölməsində təhsil alan 9 və 10-cu sinif şagirdləri 2 saat müddətində 50 inteqrativ sualı cavablandırmışlar. Tədbirə böyük maraq göstərilmiş, 5 imtahan mərkəzində ümumilikdə 1200-dən artıq şagird öz biliyini sınamışdır.
2010-cu ildə Hədəf Nəşrləri tərəfindən təsis edilən “Fənlərin Dostluğu Olimpiadası”nın 2017-ci il buraxılışının əsas təşkilatçıları Azərbaycan Respublikası Prezidentinin Yanında Bilik Fondu, Odlar Yurdu Universiteti və Hədəf Kurslarıdır. Olimpiadanın rəsmi tərəfdaşları arasında Medica Hospital, Hədəf Multimedia Mərkəzi, Altun Kitab, Azərbaycan Elm Assosiasiyası, HedefGlobal, kitabevim.az mağazaları, informasiya dəstəkçiləri isə APA TV, edumap.az, senet.az portalları və Ustad dərgisi yer alır.
Olimpiadanın birinci mərhələsinin sonunda qaliblərin mükafatlandırılacağı mərasim 23 dekabr 2017-ci il tarixində keçiriləcəkdir. Olimpiadada qalib gələn 10 şagird və onların təhsil aldığı orta məktəblər diplom və qiymətli hədiyyələrlə mükafatlandırılacaq.
Qeyd edək ki, Olimpiadanın təşkili təşkilatçılar və tərəfdaşların maliyyə dəstəyi ilə mümkün olmuşdur. Bu tədbir, gənclərin bilik və bacarıqlarını inkişaf etdirmək və onlara müxtəlif sahələrdə özlərini sınamaq imkanı vermək məqsədini daşıyır.