18 yanvar 2018-ci il tarixində Odlar Yurdu Universitetinin 40 tələbəsi Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında yazıçı-dramaturq Tamara Vəliyevanın Qanlı Yanvar faciəsinə həsr olunmuş “Mənim ağ göyərçinim” əsəri əsasında hazırlanan eyniadlı səhnə əsərinə tamaşa ediblər və tamaşanı böyük maraqla qarşılayıblar. Tədbirdə Odlar Yurdu Universitetinin Tələbə Elmi Cəmiyyətinin sədri Arzu Cəfərzadə çıxış edərək bildirmişdir ki, 20 Yanvar Azərbaycan tarixində qanlı səhifə olmaqla yanaşı, xalqımızın müstəqillik amalına, qəhrəmanlıq ənənələrinə sadiqliyini, Vətənin azadlığı uğrunda canından keçməyə hazır olduğunu bir daha sübut edib. Azərbaycanın milli azadlıq mübarizəsinin rəmzi və çağdaş milli azadlıq hərəkatının şanlı qəhrəmanlıq səhifəsi olan 20 Yanvar hadisələri xalqımızın yaddaşına əbədi həkk olunaraq tariximizin parlaq səhifəsinə çevrilib.
Qeyd edək ki, Odlar Yurdu Universiteti Azərbaycan teatr sənətində, incəsənətində ləyaqətlə təmsil olunan simaların gənclər arasında geniş şəkildə təbliğ etməyə, onların həyat və yaradıcılığını göz önünə gətirməyə hər zaman önəm verir.