Odlar Yurdu Universitetinin rektoru, professor Əhməd Vəliyev 11 aprel 2018-ci il tarixində keçiriləcək prezident seçkiləri ilə əlaqədar təbliğat-təşviqat kampaniyası çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) Nərimanov rayon təşkilatında qadın seçicilərlə görüşdə iştirak etmişdir.
Görüşdə çıxış edən Əhməd Vəliyev bildirmişdir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev artıq geniş mənada dünyada qəbul olunmuş görkəmli siyasi liderdir. O, dünya təcrübəsindən nümunələr gətirərək qeyd etmişdir ki, bir çox dövlət başçıları yalnız ölkəyə ümumi rəhbərlik vəzifəsini yerinə yetirməklə kifayətlənməli olurlar və onların bir çoxunun ampluası praktik rəhbərlikdən çox da uzağa gedə bilmir, yaxud da yalnız bir istiqamətin inkişaf etdirilməsi ilə məşğul olurlar. Lakin Prezident İlham Əliyev bacarıqlı, mükəmməl bir qurucu lider olmaqla yanaşı, həm də geniş qlobal dünyagörüşə, analitik təhlil bacarığına, praqmatik baxışlara və hərtərəfli bacarıqlara malik olan mükəmməl bir dövlət xadimidir.
Rektor, professor Əhməd Vəliyev bildirib ki, hazırda Azərbaycanın yaxından iştirakı və maraqları təmin olunmadan, nəzərə alınmadan regionda heç bir problemin həllindən danışmaq olmaz. Dünyada belə yüksək nüfuzu Azərbaycan Prezidenti İlham Əliyev qazandırmışdır.
Professor Vəliyev vurğulamışdır ki, ölkənin rəhbərini seçmək üçün Azərbaycan xalqının yenidən düşünməsinə və uzun-uzadı müzakirələrə ehtiyacı yoxdur. O, xalqımızın Prezident seçkilərində öz seçimini edərək İlham Əliyevi yenidən prezident seçəcəyinə inandığını qeyd edib.