Odlar Yurdu Universiteti, Polşada keçirilən Beynəlxalq Elmi Konfransda tərəfdaş kimi iştirak edib

03 Sentyabr, 2018

Odlar Yurdu Universiteti, Polşada keçirilən Beynəlxalq Elmi Konfransda tərəfdaş kimi iştirak edib

Odlar Yurdu Universiteti, Polşada keçirilən Beynəlxalq Elmi Konfransda tərəfdaş kimi iştirak edib. 2001-ci ildən hər iki ildən bir dəfə təşkil olunan “Soft Computing” texnologiyasına həsr olunmuş bu konfransın əsas məqsədi elektrotexnika və informasiya texnologiyalarının müxtəlif sahələrində əldə olunan yeni elmi-tədqiqat nəticələrini təqdim etmək, dünya universitetləri və elmi təşkilatları arasında əməkdaşlığı formalaşdırmaq, qabaqcıl təcrübə və elmi ideyaların yayılmasını təmin etməkdir. Bununla yanaşı, birgə elmi əsərlərin, kitabların, monoqrafiyaların və jurnalların nəşri ilə elmi nailiyyətlərə imza atmaq da konfransın əsas hədəflərindəndir.

2018-ci ilin avqust ayında Polşanın Varşava şəhərində qeyri-səlis sistemlərin tətbiqi üzrə 13-cü Beynəlxalq Konfrans (ICAFS-2018) keçirilmişdir. Konfrans, "Intelligent Systems and Computing" seriyası çərçivəsində Avanslar (Springer nəşri, Web of Science-də endekslenen) istiqamətində olmuşdur. Konfransda müxtəlif ölkələrin təhsil nazirlikləri və universitetlərinin nümayəndələri iştirak etmişdir.

Konfransın tərəfdaş universitetləri arasında ABŞ-ın Berkli Universiteti, Texas Universiteti, Kanadanın Toronto Universiteti, Vyana Tibb Universiteti, Polşa Polis Akademiyasının elmi-tədqiqat institutu, Türkiyənin Yakın Doğu Universiteti və TOBB İqtisadiyyat və Texnologiya Universiteti ilə yanaşı, Azərbaycandan Azərbaycan Dövlət Neft və Sənaye Universiteti və Odlar Yurdu Universiteti də təmsil olunmuşdur.

Odlar Yurdu Universitetinin rektoru professor Əhməd Vəliyev, beynəlxalq proqram komitəsinin üzvü seçilmiş, universitetin elmi işlər üzrə prorektoru professor Tərlan Abdullayev isə təşkilat komitəsinin üzvü olmuşdur. Həmçinin, universitetin professor-müəllim heyəti və doktorantları konfransda elmi məruzələrlə çıxış edərək, universitetin elmi potensialını beynəlxalq aləmdə nümayiş etdirmişlər.