Odlar Yurdu Universitetində Novruz bayramına həsr olunmuş möhtəşəm “Çiçəklənir Vətənim” adlı tədbir keçirilmişdir. Universitetimizin həyətində baş tutan bayram şənliyində Odlar Yurdu Universitetinin və Odlar Yurdu Kollecinin professor-müəllim heyəti və tələbələri bir araya gələrək Novruzun gəlişini birlikdə qeyd etmişlər.
Tədbirin açılışında çıxış edən Odlar Yurdu Universitetinin rektoru, professor Əhməd Vəliyev iştirakçıları bayram münasibətilə səmimi qəlbdən təbrik edərək, Novruzun milli-mənəvi dəyərlərimizin, həmrəylik və birlik ənənələrimizin rəmzi olduğunu vurğulamışdır. O, Odlar Yurdu Universitetinin və Odlar Yurdu Kollecinin professor-müəllim heyətinə və tələbələrinə can sağlığı, firavanlıq, uğurlar və yeni-yeni nailiyyətlər arzu etmişdir.
Bayram tədbiri rəngarəng proqramla davam etmişdir. Universitetimizin və kollecimizin tələbələri Novruza həsr olunmuş səhnəciklər nümayiş etdirmişlər. Xalqımızın sevimli Novruz personajları olan Keçəl və Kosa maraqlı tamaşaları və zarafatları ilə tədbirə xüsusi əyləncə qatmışlar. Musiqili çıxışlar, rəqslər və Novruzun əsas rəmzi olan tonqal ətrafında keçirilən şənlik bayrama xoş ovqat bəxş etmişdir.
Tədbir, Novruzun sevincini və ruhunu hər bir iştirakçıya yaşadaraq, onların yaddaşlarında unudulmaz anlar və xoş xatirələr buraxmış, bayramın mahiyyətini və dəyərini bir daha əyani şəkildə göstərmişdir.