4 dekabr 2020-ci il tarixində YAP Nərimanov Rayon Təşkilatının Gənclər Birliyi və Odlar Yurdu Universitetinin birgə təşkilatçılığı ilə gənclərin biznes bacarıqlarını inkişaf etdirmək məqsədilə “Uğurlu biznesə gedən yol” mövzusunda videokonfrans keçirilib.
Tədbirin qonaqları arasında Azərbaycan Respublikası Sahibkarlar Təşkilatları Milli Konfederasiyasının baş katibi əvəzi, Odlar Yurdu Universitetinin müəllimi Kristina Məmmədova, Dövlət Vergi Xidmətinin əməkdaşı, iqtisad üzrə fəlsəfə doktoru Aqşin Əliyev, gənc sahibkar, universitetin magistr məzunu Ləman Qurbanova, Beynəlxalq əlaqələr, layihələr və strateji inkişaf departamentinin rəhbəri Aytən Hüseynova və YAP Nərimanov Rayon Təşkilatının Gənclər Birliyinin sədri Nərminə Yunusova iştirak edib. Konfransa 100-dən çox gənc qatılıb.
Tədbir çərçivəsində iştirakçılara maliyyə savadlılığı, biznes planın hazırlanması və icrası, pul vəsaitlərinin səmərəli idarə olunması və sahibkarlıq sahəsində uğurlu təcrübələr barədə ətraflı məlumat verilib. Həmçinin pandemiya və postpandemiya dövründə biznesin qurulması və inkişafı ilə bağlı fikir mübadiləsi aparılıb, gəncləri maraqlandıran suallar cavablandırılıb.
Qeyd edək ki, “Uğurlu biznesə gedən yol” mövzusunda təşkil olunan bu təlimlər mütəmadi olaraq davam etdiriləcək.