Odlar Yurdu Universitetinin rəhbərliyi, 2020-ci ilin 27 sentyabr tarixindən başlayaraq Ermənistan silahlı qüvvələrinin Azərbaycana qarşı həyata keçirdiyi hərbi təxribatı pisləyən bəyanat imzalayıb. Bəyanatda, Ermənistanın yaşayış məntəqələrini və sosial obyektləri iri çaplı artilleriya qurğuları ilə atəşə tutaraq mülki əhali, o cümlədən qadın və uşaqları qətlə yetirdiyi, çoxsaylı evlərə və obyektlərə ciddi ziyan vurduğu qeyd olunub.
Bəyanatda həmçinin vurğulanır ki, cəsur ordumuzun şücaəti nəticəsində işğaldan azad olunan ərazilər xalqımızın təfəkküründə və düşüncəsində böyük dönüşə səbəb olmuş, xalq öz ordusuna və gücünə inamını artırmışdır. Odlar Yurdu Universitetinin rəhbərliyi də Prezident İlham Əliyev siyasətinin dəstəkçisi olaraq hər zaman və hər çağırışda onun yanında olduğunu ifadə edib.
Bəyanatda bildirilib ki, Azərbaycan xalqı, həmçinin Odlar Yurdu Universitetinin heyəti, Prezidentimizin apardığı müdrik və cəsarətli siyasətin davamçısıdır və xalqı qələbəyə çatdıracaq bu yolda əsl vətəndaş olaraq liderlərinin yanında olacaq.