Odlar Yurdu Universiteti, Bakı Mühəndislik Universitetində keçirilən “III Qış Elm Festivalı”nda 3 nominasiya üzrə təltif olunub. Festivalda respublikada yerləşən ali təhsil müəssisələrinin tələbələri və orta ümumtəhsil məktəblərinin şagirdləri tərəfindən 100-ə yaxın layihə nümayiş etdirilib. Layihələr Dil və Ədəbiyyat, Mühəndislik, Biologiya, Fizika, Kimya, Riyaziyyat və İqtisadiyyat kateqoriyalarında təqdim olunub.
Odlar Yurdu Universitetinin təqdim etdiyi “Dəqiq Elmlər üzrə Kompüterləşdirilmiş Avadanlıqların Qurulmasının Nümayişi” adlı layihə iştirakçıların böyük marağına səbəb olub. Layihə, yüksək texnologiyalar və dəqiq elmlərin tətbiqi sahəsində yenilikçi yanaşmalar təqdim edərək festivalın diqqətini çəkib.
Festivalın açılış mərasimində çıxış edən Bakı Mühəndislik Universitetinin rektoru, professor Havar Məmmədov, festivalın tələbələrin elmə olan marağının artırılmasında, innovativ qabiliyyətlərinin üzə çıxarılmasında və gənclərdə motivasiyasının və özünə inam hissinin yüksəlməsində mühüm rol oynadığını vurğulayıb. Rektor, daha sonra layihələrlə yaxından tanış olub və iştirakçılara uğurlar arzulayıb.
Festivalın mükafatlandırma mərasimində Odlar Yurdu Universitetinin təqdim etdiyi “Dəqiq Elmlər üzrə Kompüterləşdirilmiş Avadanlıqların Qurulmasının Nümayişi” adlı layihə III yeri qazanıb. Layihənin komanda üzvləri arasında universitetin kompüter mühəndisliyi ixtisasının 737-ci qrup tələbəsi Seyidov Murad, iştirakçılar arasında xüsusi fərqləndiyinə görə II yerlə təltif olunub. Həmçinin, Mansurov Amir orta ümumtəhsil məktəblərinin şagirdləri arasında xüsusi fərqləndiyinə görə II yerlə mükafatlandırılıb.
Qalib gələn layihələrin müəllifləri diplom və sertifikatlarla mükafatlandırılıb. Tədbirin sonunda isə iştirakçılar birgə xatirə şəkli çəkdiriblər.
Odlar Yurdu Universitetinin bu uğuru, tələbələrin elm və texnologiya sahəsindəki potensialını və gənc alimlərin əldə etdiyi uğurları bir daha göstərir. Uğurlu təqdimat və mükafatlar universitetin elmi fəaliyyətinin yüksək səviyyədə olduğunu təsdiq edir.