Odlar Yurdu Universitetində gənclərin əmək bazarına inteqrasiyasına yönələn tədbirlərin davamı olaraq, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin rəhbərliyi ilə “Karyerada ilk addım” devizi altında əmək yarmarkası təşkil edilib. Tədbirdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin müavini Mətin Kərimli çıxış edərək, gənclərin əmək bazarına inteqrasiyası və səmərəli məşğulluğunun təmin olunmasının dövlət məşğulluq siyasətinin əsas prioritetlərindən biri olduğunu vurğulayıb.
Mətin Kərimli bildirib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilən aktiv məşğulluq tədbirlərində gənclərin fəal iştirakı təmin edilir və “Karyerada ilk addım” kimi tədbirlər gənclərin əmək bazarına inteqrasiyasına, eləcə də tələbə və məzunlara öz ixtisaslarına uyğun karyera qurmaq imkanlarının yaradılmasında mühüm rol oynayır.
Yarmarkada işəgötürənlərin nümayəndələri iştirak edərək, tələbə və məzunlara əmək bazarındakı mövcud vəziyyət, müxtəlif peşə və ixtisaslara olan tələbat haqqında ətraflı məlumat veriblər. Tədbir iştirakçılarına işəgötürənlərlə ilkin əlaqələr quraraq öz şəxsi məlumatlarını (CV) təqdim etmək imkanı yaradılıb. Eyni zamanda, işəgötürənlər gələcəkdə müasir tələblərə cavab verən ixtisaslı kadrların seçimini həyata keçirmək imkanı qazanıblar. Tədbir çərçivəsində iştirakçılara seçdikləri vakant iş yerlərinə göndərişlər təqdim edilib.
Bu cür tədbirlər tələbə və məzunların əmək bazarına uğurlu daxil olmasına şərait yaradır və onların peşə həyatına sağlam bir addım atmalarına dəstək olur.