Odlar Yurdu Kollecində Məzun günü keçirilib. İlk olaraq çıxış edən kollecin direktoru Günel Cəfərova əlamətdar gün münasibətilə məzunları, onların valideynlərini təbrik edib, xoş arzularını çatdırıb. O, bildirib ki, bu gün Azərbaycan gəncləri öz potensialına, intellektinə görə digər ölkə gənclərindən irəlidədir. Hazırda Azərbaycanda həyata keçirilən gənclər siyasəti dünyanın istənilən ölkəsinə nümunə ola bilər. Bizim də ali məqsədimiz dünya gəncləri ilə rəqabət apara biləcək yüksək intellektuala malik gənclər yetişdirməkdir. Daha sonra Odlar Yurdu Universitetinin rektoru, professor Əhməd Vəliyev çıxış edərək müstəqil Azərbaycanın inkişafında böyük potensiala malik, yenilməz qüvvə kimi fəallıq göstərən gəncliyin cəmiyyətdəki rolu barədə danışıb. Gənclərin hərtərəfli hazırlıqlı mütəxəssis, vətəndaş kimi yetişməsi, təhsil alması, fiziki cəhətdən sağlam böyüməsi, gələcəyini təmin etməsi, öz istəyinə uyğun həyat yolunu seçməsi üçün Odlar Yurdu Universitetində və Odlar Yurdu Kollecində təhsil alan tələbələrə hər cür şərait yaradıldığını vurğulayıb. Daha sonra kollecin ictimai-siyasi həyatında fəal iştirak etmiş bir qrup məzun Fəxri Fərmanla təltif olunub. Rəsmi hissə bitdikdən sonra tədbir Odlar Yurdu Kollecinin tələbələrinin ifasında konsert proqramı ilə davam edib.