Odlar Yurdu Universitetində Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilib

13 Dekabr, 2018

Odlar Yurdu Universitetində Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilib

Odlar Yurdu Universitetində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilib. Tədbir iştirakçıları əvvəlcə universitetin foyesində Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyaraq hörmətlərini bildirdilər. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra tədbir öz işinə başlayıb.

Tədbiri giriş sözü ilə açan Odlar Yurdu Universitetinin rektoru, professor Əhməd Vəliyev iştirakçıları salamlayaraq, Heydər Əliyevin şərəfli həyat yolundan, ölkəmizə rəhbərlik etdiyi bütün dövrlərdə əldə olunan uğurlardan və müstəqil Azərbaycan dövlətinin möhkəmləndirilməsində Ulu Öndərin müstəsna xidmətlərindən danışıb.

Daha sonra çıxış edən tələbələr, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə aparılan uğurlu islahatların və əldə olunan nəticələrin xalqın sabaha olan inamını qat-qat artırdığını, Heydər Əliyev yolunun layiqincə davam etdirildiyini və müstəqil Azərbaycanın etibarlı əllərdə olduğuna əminlik yaratdığını bildiriblər. Onlar, həmçinin, Heydər Əliyev siyasətinin uğurla həyata keçirilməsi ilə Azərbaycanın müstəqilliyinin möhkəmləndiyini və beynəlxalq aləmdə ölkənin rolunu artırdığını qeyd ediblər.

Tədbirin sonunda, Ümummilli Lider Heydər Əliyevin anım gününə həsr olunmuş Odlar Yurdu Universiteti və Odlar Yurdu Kollecinin tələbələri arasında keçirilən Breyn-Rinq məntiq və bilik yarışının qalibləri kubok və Fəxri Fərmanlarla təltif olundular.