Türkiyənin Van Yüzüncü Yıl Universiteti ilə Odlar Yurdu Universiteti arasında memorandum imzalanıb

13 Sentyabr, 2018

Türkiyənin Van Yüzüncü Yıl Universiteti ilə Odlar Yurdu Universiteti arasında memorandum imzalanıb

Türkiyənin Van Yüzüncü Yıl Universiteti ilə Odlar Yurdu Universiteti arasında ikitərəfli əməkdaşlıq memorandum imzalanmışdır. Memorandumu, Van Yüzüncü Yıl Universitetinin rektoru, professor Dr. Peyami Battal və Odlar Yurdu Universitetinin rektoru, professor Dr. Əhməd Vəliyev imzalayıblar.

Odlar Yurdu Universitetinin rektoru professor Əhməd Vəliyev, qonağı qəbul edərək universitetin fəaliyyətləri barədə ətraflı məlumat verib. O, həmçinin, Türkiyənin ali təhsil müəssisələri ilə əməkdaşlığın əhəmiyyətindən, birgə proqram və layihələrdən, tələbə və müəllim mübadiləsinin imkanlarından bəhs edib. Professor Vəliyev, Van Yüzüncü Yıl Universiteti ilə beynəlxalq münasibətlər, araşdırmalar və digər sahələrdə əməkdaşlıqda maraqlı olduqlarını vurğulayıb.

Van Yüzüncü Yıl Universitetinin rektoru professor Dr. Peyami Battal isə, Odlar Yurdu Universiteti ilə əməkdaşlıq etməyə maraqlı olduqlarını bildirib. O, iki universitet arasında sıx əlaqələrin qarşılıqlı fayda gətirəcəyini vurğulayaraq, əməkdaşlığın inkişafı üçün çoxsaylı imkanların olduğunu qeyd edib. Görüş zamanı tələbə mübadiləsi, elmi sahələrdə əməkdaşlıq, qabaqcıl tədris metodlarının mübadiləsi, birgə simpozium, seminar və konfransların təşkil edilməsi kimi mövzular müzakirə olunub.

Sonrasında, iki universitet arasında əməkdaşlığa dair memorandum imzalanıb. Tədbirin sonunda, professor Əhməd Vəliyev qonağa Fəxri Qonaq diplomunu təqdim edib.

Görüşün yekunu olaraq, qonaqlara Odlar Yurdu Universitetinə ekskursiya təşkil edilib. Ekskursiya zamanı qonaqlar universitetin müasir kampusunu, ixtisaslar üzrə təchiz edilmiş auditoriyaları, laboratoriyaları, fənn kabinetlərini, tibb muzeyini, texnoparkı, konfrans zalını, toplantı mərkəzlərini, idman zallarını və digər imkanları ilə tanış olublar.