Odlar Yurdu Universitetində Amerikanın San-Diego Dövlət Universiteti, Avstraliyanın Dubay şəhərində fəaliyyət göstərən Wollongong Universiteti, Şimali Kipr Türk Respublikası Girnə Amerikan Universiteti, Türkiyənin Oxur-Yazar Dərnəyi, Odlar Yurdu Universiteti və Study in Azerbaijan şirkətinin dəstəyi ilə “Gələcəyin təhsili: yeniliklərin tətbiqi və müasirlik” adlı beynəlxalq Forum təşkil olunmuşdur.
Forumun açılışında Azərbaycan Respublikasının Prezidenti Yanında Bilik Fondunun icraçı direktoru Oktay Səmədov, Odlar Yurdu Universitetinin rektoru professor Əhməd Vəliyev, Qlobal Karyera İnstitutunun direktoru Orxan Həsənoğlu, Azərbaycan Dövlət Pedaqoji Universitetinin prorektoru Eldar Aslanov, San-Diego Dövlət Universitetinin professoru Pietera Fraser, Wollongong Universitetinin Prezidenti professor Mohammed Salam, Türkiyənin Oxur-Yazar Dərnəyinin sədri, yazıçı və təhsil eksperti Sərkan Erkmən, tanınmış İKT mütəxəssisi Onur Ünsalan və digər natiqlər öz mühazirələrini təqdim etmişlər.
Konfransın əsas məqsədi ölkəmizdə və dünyada təhsil sektorunda baş verən yenilikləri, gələcəkdə gözlənilən inkişafları, müasir informasiya texnologiyalarının təhsildə tətbiqini və yeni strategiyaların tətbiqini müzakirə etmək idi. Forumda xaricdən gələn qonaqlar, ölkəmizdəki təhsil işçiləri ilə təcrübə mübadiləsi edərək, qarşılıqlı öyrənmə və tətbiq sahələrində fikir mübadiləsi aparmışlar.
Konfrans zamanı Azərbaycanda son illərdə aparılan təhsil islahatları və bu sahədə həyata keçirilən uğurlu strategiyalar da müzakirə olunmuşdur. Tədbirə ölkəmizdə fəaliyyət göstərən təhsil müəssisələrinin əməkdaşları, tələbələr, qeyri-hökumət təşkilatları nümayəndələri, KİV təmsilçiləri və təhsilə maraq göstərən digər şəxslər iştirak etmişdir.
Forumun sonunda iştirakçılara beynəlxalq sertifikatlar təqdim olunmuşdur.