Odlar Yurdu Universitetində I kurs tələbələri arasında “Mənim universitetim” adlı inşa-yazı müsabiqəsi keçirilib. Müsabiqənin ümumi rəhbərliyi Odlar Yurdu Universiteti Tələbə Elmi Cəmiyyətinin nəzdində yaradılmış Təşkilat Komitəsi tərəfindən həyata keçirilib. Təşkilat Komitəsinin sədri – Odlar Yurdu Universitetinin Elmi İşlər üzrə prorektoru Tərlan Abdullayev, Tələbə Elmi Cəmiyyətinin sədri Arzu Cəfəzadə olmuşdur.
Müsabiqənin əsas məqsədi tələbələrin yazı qabiliyyətini inkişaf etdirmək, onların universitetlə bağlı fikirlərini və təkliflərini öyrənmək, eyni zamanda təlim-tərbiyə prosesində müəllim və tələbə arasında qarşılıqlı münasibətləri daha mükəmməl təşkil etməkdir. Bu tədbir həm də tələbələrin universitet haqqında düşüncələrini daha da təkmilləşdirmək məqsədini güdür.
Tələbələr müsabiqəyə 1 saat 30 dəqiqəlik vaxt ərzində, nəzarətçilərin iştirakı ilə təyin edilmiş auditoriyalarda qatılıb, yazılarını təqdim ediblər. İnşa-yazılar münsiflər heyəti tərəfindən qiymətləndirilib və qaliblər müəyyənləşdirilib. Ən yaxşı inşa-yazılar universitetin foyesində qoyulmuş stenddə nümayiş olunacaq və universitetin rəsmi internet səhifəsində yerləşdiriləcək.
Müsabiqə tələbələrin yazı qabiliyyətini artırmaqla yanaşı, onlara universitetlə bağlı öz fikirlərini bölüşmək və inkişaf etdirmək imkanı da yaratmışdır. Müsabiqə uğurla başa çatmış və tələbələr arasında böyük maraqla qarşılanmışdır.