Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Serhan Aktoprak Odlar Yurdu Universitetinin qonağı olub. Qonaqları salamlayan universitetin rektoru, professor Əhməd Vəliyev onları universitetdə görməkdən məmnunluğunu bildirib. Rektor universitetin yaranma tarixi, tədris prosesi, fəaliyyət istiqamətləri və beynəlxalq əlaqələri barədə qonaqlara ətraflı məlumat verib. Əhməd Vəliyev, həmçinin, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən miqrasiya siyasətindən, ölkənin beynəlxalq nüfuzunun artmasından və Azərbaycana gələn əcnəbilərin sayının ildən-ilə artmasından söz açıb. O, dövlətin miqrasiya sahəsində əldə etdiyi uğurları və Dövlət Miqrasiya Xidmətinin qanunsuz miqrasiyaya qarşı mübarizədəki rolunu da qeyd edib.
Səmimi qəbul və qonaqpərvərliyə görə öz təşəkkürünü bildirən Serhan Aktoprak, Beynəlxalq Miqrasiya Təşkilatının tarixi və fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verib. O, təşkilatın dünyada 1 milyard miqrantın yaşadığı və bunun iqtisadi və siyasi səbəblərlə bağlı olduğunu vurğulayıb. Təşkilatın 1951-ci ildə təsis edildiyini və Cenevrədə yerləşən mənzil qərargahına sahib olduğunu qeyd edib.
Görüş zamanı ikitərəfli əməkdaşlığa dair memorandum imzalanıb. Əhməd Vəliyev qonağa Fəxri Qonaq diplomunu təqdim edib, Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycandakı nümayəndəliyindən isə Odlar Yurdu Universitetinə xatirə hədiyyələri təqdim olunub.
Görüşün sonunda qonaqlar Odlar Yurdu Universitetinin müasir tələblərə cavab verən kampusu ilə tanış olublar. Onlar universitetin ixtisaslar üzrə təchiz olunmuş auditoriyaları, laboratoriya və fənn kabinetləri, akademik Zərifə Əliyeva adına tibb muzeyi, texnopark, konfrans zalı və toplantı mərkəzləri, kompüter zalı, müasir kitabxanası, yeməkxanaları, idman zalları, tibb məntəqəsi və stadionunu ziyarət ediblər.
Sonda xatirə şəkli çəkdirildi.