Standard Insurance Siğorta Şirkəti “Karyerada ilk addımlar” layihəsi çərçivəsində Odlar Yurdu Universitetinin tələbələri ilə görüş keçirib. Görüşün əsas məqsədi təhsil müəssisələri ilə əməkdaşlığın təşkili, peşəkar istiqamətləndirmə və sığorta və maliyyə sahəsində ixtisaslaşan tələbələrə dəstək verməkdir.
Tələbə Təcrübə proqramı çərçivəsində tələbələr iş prosesinə tam olaraq daxil olurlar və sığorta şirkətinin fəaliyyət mexanizmi ilə tanış olurlar. Bu proqramda iştirak edən tələbələr, təhsil aldıqları müddətdə qazandıqları nəzəri bilikləri təcrübədə tətbiq etmək imkanı əldə edirlər. Həmçinin, proqram iştirakçıları sığorta məhsullarının satışı texnologiyası, siğorta hadisələrinin tənzimlənməsi və risklərin idarə edilməsi üzrə ixtisaslaşdırılmış biliklər əldə edəcəklər.
Görüşdə tələbələrə sığorta işində qarşılaşa biləcəkləri müxtəlif situasiyalar haqqında məsləhətlər verilmiş və onları maraqlandıran suallar cavablandırılmışdır. Təcrübə proqramı sonunda iştirakçılara müvafiq sertifikat təqdim ediləcək və xüsusi seçilən tələbələr şirkətdə daimi işə düzəlmək və uğurlu bir karyera qurmaq fürsəti əldə edəcəklər.
Qeyd edək ki, Odlar Yurdu Universiteti ilə ASC “Standard Insurance” Sığorta Şirkəti arasında qarşılıqlı əməkdaşlıq müqaviləsi imzalanmışdır. Müqavilənin məqsədi, tələbələrin təcrübə və istehsalat bazasında fəaliyyətlərini dəstəkləmək, onların bilik və bacarıqlarını artırmaq və şirkətin peşəkar mütəxəssisləri ilə birgə tədris proqramları hazırlamaqdır. Eyni zamanda, bu əməkdaşlıq, müxtəlif sahələr üzrə birgə konfranslar, seminarlar və digər tədbirlərin keçirilməsini də nəzərdə tutur.