OYU-da “Kiçik janrın böyük ustası” mövzusunda açıq dərs keçirilmişdir

24 May, 2018

OYU-da “Kiçik janrın böyük ustası” mövzusunda açıq dərs keçirilmişdir

Odlar Yurdu Universitetində Dil və Ədəbiyyat müəllimi Fərmanova Səbinə Söhbət qızının rəhbərliyi ilə “Kiçik Janrın Böyük Ustası” mövzusunda açıq dərs təşkil edilib. Dərsdə tələbələr, Mir Cəlal Paşayevin həyat və yaradıcılığına dair ətraflı müzakirələr aparıb, onun əsərlərini təhlil edərək, müasir dövrlə əlaqələndiriblər. Bu dərs, tələbələrə dahi Azərbaycan yazıçısının əsərlərinin dərinliyini anlamaq və onun ədəbi irsini daha yaxşı qiymətləndirmək üçün əvəzsiz bir imkan təqdim etdi.

Dərs zamanı tələbələr tərəfindən hazırlanmış Mir Cəlal Paşayevin həyat və yaradıcılığına həsr olunmuş divar qəzetləri və təqdimatlar nümayiş olundu. Açıq dərs müasir təlim metodları və texnologiyalar əsasında qurulmuş və tələbələrin fəal iştirakı ilə keçirilib.

Açıq dərsin ən mühüm məqamlarından biri də, Mir Cəlal Paşayevin XX əsr Azərbaycan ədəbiyyatının və elminin inkişafına göstərdiyi misilsiz töhfələrə həsr olunmuş məruzələr olub. Dərsdə qeyd edilib ki, Mir Cəlal Paşayevin təhsil sahəsindəki xidmətləri, onun yüksək bilik və geniş dünyagörüşü, insan psixologiyasını anlama bacarığı, həmçinin ictimai xadim kimi fəaliyyəti onu əsl ziyalı obrazına çevirib. Onun dərsləri bu gün də tələbələr tərəfindən ehtiramla xatırlanır.

Mir Cəlal Paşayevin zəngin ədəbi irsi, əsərləri və düşüncələri, cismən həyatda olmasa da, daim yaddaşlarda qalmağa davam edir.

Bu cür açıq dərslər Odlar Yurdu Universitetində mütəmadi olaraq təşkil olunur və tədris ilinin sonuna qədər davam edəcək. Dərsin sonunda, açıq dərsin ümumi dəyərləndirilməsi aparılıb və tələbələrin iştirakı yüksək qiymətləndirilib.