Odlar Yurdu Universitetinin tələbələri böyük uğur əldə ediblər

01 May, 2018

Odlar Yurdu Universitetinin tələbələri böyük uğur əldə ediblər

Odlar Yurdu Universitetinin tələbələri “Tələbə Baharı” XI Ümumrespublika Tələbə Yaradıcılıq Festivalında böyük uğur əldə ediblər. Festivalın münsiflər heyətinin, respublikanın əməkdar və xalq artistləri Cavan Zeynallı, Bəsti Bəkirova, Gülyaz Məmmədova və digər sənətkarların qərarına əsasən, OYU tələbələri estrada, xalq mahnıları və pop janrı üzrə I yerin qalibi olublar. Həmçinin, onlar xalq mahnıları və estrada janrı üzrə III yeri qazanıblar.

Festivalın qalasında çıxış edən gənclər və idman naziri Azad Rəhimov, tədbirin əhəmiyyətindən danışıb, gənclərin istedad və bacarıqlarının inkişafında “Tələbə Baharı” Festivalının rolunu vurğulayıb. O, qeyd edib ki, bu festival gənclərə öz bacarıqlarını nümayiş etdirmək üçün əhəmiyyətli bir platformadır. Tədbirin myuzikl-tamaşa formatında təşkil olunan qala-konsertinin aprelin 3-dən 6-dək keçirilmiş seçim turlarında 25-dən çox ali təhsil müəssisəsindən 800-dən çox tələbə müxtəlif nominasiyalar üzrə istedadını göstərib.

“Tələbə Baharı” Ümumrespublika Tələbə Yaradıcılıq Festivalı 2007-ci ildən etibarən hər il Gənclər və İdman Nazirliyi tərəfindən ali təhsil müəssisələrinin tələbələri arasında təşkil olunur. Festivalın keçirilməsində əsas məqsəd tələbə yaradıcılıq kollektivlərini inkişaf etdirmək, yaradıcı və istedadlı gəncləri aşkar etmək, həmçinin yeni ünsiyyət və əlaqələrin formalaşmasına şərait yaratmaqdır.

Tədbirin sonunda festivalın qaliblərinə diplom və xatirə hədiyyələri təqdim olunub. Odlar Yurdu Universitetinin tələbələrinin qazandıqları mükafatlar, onların yaradıcı potensiallarının və təhsil müəssisəsinin uğurlarının bir göstəricisi olaraq qeyd edilib.