Odlar Yurdu Universitetində “Startapa necə başlamalı: iqtisadi, hüquqi və təşkilati əsaslar” mövzusunda treninq keçirilib. Tədbiri giriş sözü ilə açan Odlar Yurdu Universitetinin rektoru, professor Əhməd Vəliyev bildirib ki, bu gün ölkəmizdə qısa müddət ərzində gənc sahibkarlara və biznes qurmaq istəyən gənclərə əlverişli biznes mühiti yaradılmış, müvafiq qanunvericilik bazası təkmilləşdirilmiş və sahibkarlıq subyektlərinin fəaliyyətini dəstəkləyən zəruri şərait formalaşdırılmışdır. Rektor qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə biznes mühitinin daha da təkmilləşdirilməsi, rəqabət qabiliyyətinin artırılması, həmçinin özəl sektorun fəaliyyətində dövlət xidmətlərinin əlçatanlığının və keyfiyyətinin yüksəldilməsi məqsədilə iqtisadi islahatlar sistemli şəkildə həyata keçirilir. Xüsusilə də gənclər üçün biznesə başlamaqla bağlı ölkəmizdə geniş imkanlar yaradılmışdır.
Daha sonra çıxış edən Azərbaycan Respublikası Vergilər Nazirliyinin Dövlət qeydiyyatı və uçota nəzarət departamentinin baş direktoru Ələkbər Məmmədov vurğulayıb ki, dövlət tərəfindən özəl sektorun dəstəklənməsi məqsədilə müxtəlif yardım və təşviq mexanizmləri tətbiq olunur. Bu zərurəti nəzərə alaraq İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi, Vergilər Nazirliyi ilə birgə Odlar Yurdu Universitetinin tələbələri üçün “Startapa necə başlamalı: iqtisadi, hüquqi və təşkilati əsaslar” mövzusunda treninq keçirməyi qərara almışdır.
Tədbirdə “Enterprise Azerbaijan” portalının əməkdaşı, ALMA Consulting Şirkətinin direktoru Habil Əhmədov və “Enterprise Azerbaijan” portalının rəhbəri Aytən Məmmədova maraqlı məruzələrlə çıxış ediblər.
Sonda tədbir iştirakçılarının maraqlandıqları suallar cavablandırılıb.