Odlar Yurdu Universitetində Müstəqillik Günü qeyd edilib

18 Oktyabr, 2019

Odlar Yurdu Universitetində Müstəqillik Günü qeyd edilib

Odlar Yurdu Universitetində Azərbaycan Respublikasının Dövlət Müstəqilliyinə həsr olunmuş tədbir keçirilib. Tələbələrin əl işlərindən ibarət sərgiyə baxış keçirildikdən sonra tədbir konfrans zalında davam edib. Odlar Yurdu Universitetinin və Odlar Yurdu Kollecinin professor-müəllim heyətinin və tələbələrin iştirak etdiyi tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Tədbiri giriş sözü ilə açan Tələbə Elmi Cəmiyyətinin sədri Arzu Cəfərzadə bildirib ki, Azərbaycan bir əsrdə iki dəfə müstəqillik əldə etmiş, özünün suveren dövlətini yaratmaq imkanı qazanmışdır. Təəssüf ki, birinci imkan xarici müdaxilə, daxili çəkişmələr və beynəlxalq təminatın olmaması səbəblərindən itirildi. 1918-ci ildə qurulmuş Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşadı. İkinci tarixi imkan isə 70 il sonra, Sovet imperiyasının dağılması ilə yarandı və Azərbaycan xalqına öz milli müstəqilliyini bərpa etmək imkanı verdi. 1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikası Ali Sovetinin sessiyasında “Azərbaycanın dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı” qəbul olundu. Bu mühüm tarixi sənəd ilə xalqımız uzun illərdən bəri həsrətində olduğu azadlığa qovuşdu.

Daha sonra TGT sədri Gülbəniz Cəfərova, Odlar Yurdu Kollecinin TEC-nin sədr müavini Mühasibat uçotu ixtisasının I tədris ili tələbəsi Günay Ağabəyova, Məktəbəqədər təlim və tərbiyə ixtisasının 602 saylı qrup tələbəsi Səmra Dursunəliyeva, Turizm və otelçilik ixtisasının I təhsil ili tələbəsi Aygün Zeynalova və OYK-nin Peşə təlimi ixtisasının I təhsil ili tələbəsi Fatimə Cəbiyeva çıxış edərək müstəqilliyimizin tarixindən söhbət açdılar və bu yolda Əbədiyaşar Liderimiz Heydər Əliyevin əvəzsiz xidmətlərindən bəhs etdilər.

Tədbirdə Müstəqillik Gününə həsr olunmuş qısa videoçarx nümayiş olundu.

Yekun nitq ilə çıxış edən Odlar Yurdu Universitetinin rektoru prof. Əhməd Vəliyev bildirdi ki, suverenlik, ölkənin daxilində və ondan kənarda müstəqilliyin ifadəsi kimi, dövlətin siyasi və hüquqi xüsusiyyətidir. Azərbaycanın müstəqillik və suverenlik uğrunda keçdiyi yol heç də asan olmayıb. İndi müstəqilliyimizin siyasi və iqtisadi sütunları getdikcə möhkəmlənir. Müstəqilliyin taleyini müəyyənləşdirən əsas amillər qorunub saxlanılır və inkişaf etdirilir. Hazırda dövlətçiliyin möhkəmləndirilməsinə, iqtisadiyyatın inkişafına, milli-mənəvi dəyərlərin qorunub saxlanmasına xüsusi diqqət yetirilir. Azərbaycan bu gün həm siyasi, həm də iqtisadi cəhətdən dünyanın nüfuzlu dövlətlərindən birinə çevrilib.