Odlar Yurdu Universitetində “Bilik Günü” keçirildi

15 Sentyabr, 2019

Odlar Yurdu Universitetində “Bilik Günü” keçirildi

Odlar Yurdu Universitetində 15 sentyabr “Bilik günü”nə həsr olunmuş tədbir keçirildi. Tədbirdə Odlar Yurdu Universitetinin və Odlar Yurdu Kollecinin professor-müəllim heyəti, yeni qəbul olan tələbələr və onların valideynləri iştirak edirdilər.

Tədbirin əvvəlində Odlar Yurdu Universitetinin rektoru professor Əhməd Vəliyev yeni qəbul olan tələbələri və onların valideynlərini “Bilik günü” və yeni dərs ilinin başlanması münasibəti ilə təbrik edib. Çıxışına Ümummilli lider Heydər Əliyevin “Təhsil millətin gələcəyidir” fikri ilə başlayan rektor, Azərbaycanda təhsil sahəsinə dövlət səviyyəsində hər zaman böyük diqqət və qayğı göstərildiyini vurğulayıb. O, Azərbaycanın davamlı inkişaf strategiyasında təhsili ən vacib amillərdən biri kimi müəyyənləşdirən Prezident İlham Əliyevin bu sahəyə xüsusi diqqət göstərdiyini qeyd edib.

Rektor vurğuladı ki, ölkədəki siyasi sabitlik və dinamik iqtisadi yüksəliş təhsilin inkişafı üçün əlverişli şərait yaradıb. Yeni təhsil ocaqlarının inşa edilməsi, köhnələrinin təmir edilərək ən müasir standartlara uyğun şəkildə yenidən qurulması və təhsil işçilərinə göstərilən dövlət qayğısı bunun əyani sübutudur. Həmçinin, qeyd olundu ki, əvvəl yalnız dövlət hesabına və dövlət sifarişli yerlər üzrə təhsil alan tələbələrə təqaüd verilirdisə, artıq keçən ildən ödənişli əsaslarla oxuyan tələbələr də Dövlət tərəfindən təqaüd alır.

Əhməd Vəliyev, ölkəmizdə təhsil siyasətinin əsas missiyasının savadlı, daim öz üzərində işləyən, hərtərəfli inkişaf etmiş, Vətənə, dövlətə və dövlətçiliyə sadiq kadrlar yetişdirmək olduğunu vurğulayıb və bu yolda universitet heyətinə uğurlar arzulayıb. Rektor bildirib ki, son illərin statistikası və bu il qəbul planının dolması onu göstərir ki, universitetə olan maraq ildən-ilə artmaqdadır. Bunun səbəbi universitetin tədris prosesində ən müasir beynəlxalq texnologiyalardan istifadə etməsi və müasir təhsil standartlarını fəaliyyətinə inteqrasiya etməsidir.

Görüşdə yeni təhsil texnologiyalarının ali təhsildə tətbiqi, təhsil keyfiyyətinin təmin olunmasında Avropa standartlarının, ikili təhsil proqramlarının rolu da vurğulandı. “Elektron universitet” modelinin tətbiqi ilə məqsəd, dünya təcrübəsindən yararlanaraq universitetdə təhsilin keyfiyyətini artırmaq və Azərbaycanda bu prosesin həyata keçirilməsinə dəstək olmaqdır. Rektor hər bir tələbənin kompüterinin olmasının məqsədəuyğun olduğunu qeyd edib və valideynlərə övladlarına yaxşı təhsil verməyi ən gözəl hədiyyə olaraq təklif edib.

Sonra rektor, universitetin uğurlarının bundan sonra da davam edəcəyini, təhsilin təşkilinin təkmilləşdirilməsi, maddi-texniki bazanın möhkəmləndirilməsi və ali təhsil sisteminin inkişaf etdirilməsinin əsas prioritet istiqamət olacağını qeyd edib. Odlar Yurdu Universitetində bu istiqamətlərin reallaşdırılması üçün yüksək intellektual səviyyəli, bilikli, bacarıqlı və təşkilatçılıq qabiliyyəti olan peşəkar kadrların hazırlanacağını bildirib.

Tədbirdə digər çıxış edənlər də tələbələri “Bilik günü” münasibəti ilə təbrik edərək, onlara təhsil həyatlarında uğurlar arzulayıblar. Tədbirin sonunda yeni qəbul olan tələbələr və valideynlər üçün universitetə ekskursiya təşkil edilib.