Odlar Yurdu Universiteti, Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi ilə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi arasında əməkdaşlıq haqqında memorandumun imzalanmasına həsr edilmiş "İnnovasiyalı inkişaf və iqtisadi islahatlar: əqli mülkiyyətin və texnologiyaların kommersiyalaşdırılmasının rolu" mövzusunda keçirilən konfransda iştirak edib.
Konfransda Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirinin müavini Elmir Vəlizadə, Təhsil nazirinin müavini İdris İsayev, AMEA-nın akademik katibi, İnformasiya Texnologiyaları İnstitutunun direktoru Rasim Əliquliyev, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində Yüksək Texnologiyalar Parkı MMC-nin direktoru Tural Kərimli, Dövlət Məşğulluq Xidmətinin rəisi Fuad Musayev, “Microsoft Azərbaycan”ın baş direktoru Sərxan Həşimov, “Enterpriseazerbaijan.com” portalının meneceri Aytən Məmmədova çıxış ediblər. Onlar startap layihələrinin əhəmiyyətindən, xüsusilə mikro və kiçik sahibkarlığın inkişafında rolundan danışıblar, həmin layihələrin maliyyələşdirilməsində yerli və xarici investorların rolunu vurğulayıblar.
Tədbir çərçivəsində startap layihələrinin nümayiş etdirildiyi sərgiyə də baxış keçirilib. Sərgidə Odlar Yurdu Universitetini Kompüter mühəndisliyi ixtisasının magistrantı Nəsibova Nərmin təmsil edib.
Konfrans, əqli mülkiyyət və texnologiyaların kommersiyalaşdırılması sahəsindəki ən son yenilikləri və perspektivləri müzakirə edərək, ölkəmizin innovasiya sahəsindəki inkişafına müsbət töhfələr verən mühüm bir tədbir kimi yadda qalmışdır.