Odlar Yurdu Universitetində Alman Akademik Mübadilə Xidməti (DAAD, Bonn) və DAAD Bakı Məlumat Mərkəzi ilə birgə “Bolonya əməkdaşlıq forumu” çərçivəsində tədbir keçirilib.
Tədbirdə universitetin professor-müəllim heyəti, tələbələr, mütəxəssislər və bir sıra qonaqlar iştirak edib. Almaniyanın Osnabrueck Tətbiqi Elmlər Universitetinin professoru Volker Gehmlich müasir dünyada təhsilin, xüsusilə ali təhsilin mühüm rolundan danışıb. O, bildirib ki, Azərbaycan təhsil sistemində Bolonya sisteminin tətbiqi üçün müasir tələblərə cavab verən kadrlar, kompüterləşmə sistemi və sərbəst bazar mütləqdir. Azərbaycan Respublikasının Avropa Şurasına üzv olması ölkənin Avropa məkanına inteqrasiyasını sürətləndirmişdir. Həmçinin, Azərbaycan Respublikasının Bolonya deklarasiyasını imzalaması, ali təhsil müəssisələrinin Avropa təhsil sisteminə inteqrasiyasını dəstəkləyən mühüm bir addım olmuşdur.
Tədbirdə qeyd edilib ki, forumun ümumi hədəfi Azərbaycan və digər Bolonya prosesinə qoşulan ölkələrin ali məktəbləri arasındakı əməkdaşlığı gücləndirməkdir.
Tədbirdə Odlar Yurdu Universitetinin Tədrisin Təşkili və Yeni Təlim Texnologiyaları üzrə prorektoru Qabil Qafarov da çıxış edərək, “Azərbaycan Respublikasında Təhsilin İnkişafı üzrə Dövlət Strategiyası”nın əhəmiyyətini vurğulayıb və ali təhsil sahəsində universitetin əldə etdiyi uğurları diqqətə çatdırıb.
Tədbir zamanı ali təhsil sahəsi, xarici ölkələrin universitetləri ilə əməkdaşlığın genişləndirilməsi mövzularında ümumi müzakirələr aparılıb.