Odlar Yurdu Universitetində gənc müəllimlərin işə qəbulu prosesi davam edir

14 Sentyabr, 2020

Odlar Yurdu Universitetində gənc müəllimlərin işə qəbulu prosesi davam edir

Odlar Yurdu Universitetində gənc müəllimlərin işə qəbulu prosesi uğurla davam edir. Tədbirdə universitetin rektoru professor Əhməd Vəliyev qarşıdan gələn yeni tədris ili münasibətilə bütün müəllimləri təbrik edib, onlara uğurlar arzulayıb. O, son illərdə müəllimlərin stimullaşdırılması, peşəkarlığının artırılması və müəllim nüfuzunun yüksəldilməsi istiqamətində həyata keçirilən məqsədyönlü tədbirlərdən danışaraq, respublikada təhsilə göstərilən diqqət və qayğını qeyd edib.

Rektor bildirib ki, dövlətimiz hər zaman müəllimlərin əməyini və qabaqcıl təhsil müəssisələrinin əldə etdiyi müsbət nəticələri yüksək qiymətləndirir. Təhsildə həyata keçirilən islahatlar göstərir ki, müasir Azərbaycan təhsili, zəngin mütərəqqi ənənələrinə, milli-mənəvi və ümumbəşəri dəyərlərə, beynəlxalq təcrübəyə əsaslanaraq daha da inkişaf edəcək.

Müəllimlərlə görüşdən məmnun olduğunu vurğulayan professor Əhməd Vəliyev, müəllimlərin tələbələrin milli dəyərlər əsasında formalaşmasında mühüm rol oynadıqlarını qeyd edib və işə yeni qəbul olan müəllimlərə Azərbaycanın sabahı naminə fəaliyyətlərində uğurlar arzulayıb.

Universitetin tədrisin təşkili və yeni təlim texnologiyaları üzrə prorektoru Qabil Qafarov da işə qəbul olan müəllimləri təbrik edib və onlara uğurlar diləyib. O, pedaqoji kadrlara olan tələbatı ödəmək məqsədilə universitetdə ildən-ilə pedaqoji yönümlü ixtisasların açıldığını və yüksək səviyyəli müəllim kadrlarının hazırlanmasının diqqət mərkəzində saxlanıldığını bildirib. Q.Qafarov qeyd edib ki, 2019/2020-ci tədris ilində Odlar Yurdu Universitetində 22 gənc müəllimlə əmək müqaviləsi bağlanmış və 2020/2021-ci tədris ilində daha 15 gənc müəllim işə qəbul olunmuşdur.

Tədbir müzakirələrlə davam edib, iştirakçılar gələcəkdə təhsil sahəsindəki inkişaf perspektivləri barədə fikir mübadiləsi aparıblar.