Odlar Yurdu Universitetində bakalavriat və magistratura səviyyələrində qış imtahan sessiyası başlayıb. Bu ilki sessiya dövründə imtahanların şəffaf və obyektiv şəkildə təşkilinə xüsusi diqqət yetirilir. Tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığın və obyektivliyin təmin edilməsi məqsədilə universitetdə İmtahan Komissiyası yaradılıb. Bu komissiya imtahanların təşkilinə nəzarət edir və yaranan hər hansı neqativ halları, münaqişə və şikayətləri dərhal aradan qaldırmaq üçün fəaliyyət göstərir.
Sessiya zamanı imtahan otaqlarında müşahidə kameraları və imtahan otağının qarşısında böyük ekranlar quraşdırılaraq, imtahanın gedişi birbaşa izlənir. Eyni zamanda, universitetdə keçirilən imtahanlara valideynlərin iştirakı da təmin edilir, bu da prosesin şəffaflığını artırır.
İmtahanın başlamasından əvvəl tələbələr üçün imtahan mərkəzində test sualları ilə tanışlıq imkanı yaradılır. Beləliklə, tələbələr imtahan sessiyasına daha hazırlıqlı və məlumatlı şəkildə daxil olurlar. Bu tədbirlər, Odlar Yurdu Universitetində təhsilin keyfiyyətini və tələbələrin akademik nailiyyətlərini artırmağa yönəlmiş mühüm addımlardır.