1-10 mart tarixlərində Odlar Yurdu Universitetinin 1-ci kurs tələbələri ilə görüş keçirilib. Mövcud vəziyyət nəzərə alınaraq, görüş məhdud şəkildə təşkil olunub və tələbələrə müvafiq kafedralar tərəfindən hazırlanan ixtisas xarakteristikaları, tələbənin gündəlik istifadəsi üçün nəzərdə tutulan yaddaş kitabçaları, həmçinin keyfiyyət təminatı mərkəzi tərəfindən hazırlanan müəllimlərin qiymətləndirilməsini özündə əks etdirən sorğu blankları təqdim edilib.
Görüşün açılışını Odlar Yurdu Universitetinin rektoru, professor Əhməd Vəliyev edib və təbrik nitqi ilə başladıqdan sonra bir çox önəmli məsələlərə toxunub. O, birinci kurs tələbələrinə qəbul olduqları ixtisaslarla bağlı ətraflı məlumat verərək, onların peşəkar kadr kimi yetişməsi üçün universitetdə yaradılan imkanları vurğulayıb. Rektor, həmçinin universitetin zəngin elektron kitabxanasından bəhs edərək, tələbələrin təhsilini daha da zənginləşdirəcək resurslardan istifadə etmələrinin vacibliyini qeyd edib.
Pandemiya şəraitində aktuallaşan distant təlim-tədris prosesi, imtahanlara hazırlıq və tələbələrin qarşılaşdığı çətinliklər haqqında müzakirələr aparılıb. Professor Əhməd Vəliyev həmçinin İsveçrənin Montro Biznes Məktəbi (SMBS) ilə Odlar Yurdu Universiteti arasında bağlanmış müqaviləyə əsasən, universitetdə təhsil alan tələbələrin məzun olduqları zaman həm də SMBS diplomunu əldə edə bilmə imkanlarından söz açıb.
Görüş universitet ərazisindəki infoturla davam edib. Tələbələr kitabxana, fənn laboratoriyaları, tələbə elmi cəmiyyəti və Gənclər Təşkilatının fəaliyyəti ilə tanış olublar. Bu tur tələbələrə universitetin tədris və sosial infrastrukturunu yaxından tanımağa imkan verib.
Sonda tələbələrin sual və təklifləri dinlənilib və qarşıya qoyulan məsələlər ətrafında müzakirələr aparılıb. Bu görüş tələbələrə universitetin təhsil prosesindəki müsbət yeniliklər və imkanlar haqqında ətraflı məlumat əldə etmək, həmçinin təhsil müddətində onları maraqlandıran məsələləri açıq şəkildə müzakirə etmək imkanı yaratmışdır.