“Odlar Yurdu” Universitetində, Vətən Müharibəsi şəhidlərinin adını əbədiləşdirmək məqsədi ilə Bakı şəhər məktəbliləri arasında keçirilən “Hər Şəhid Bir Çinardır” adlı yazı müsabiqəsinin mükafatlandırma mərasimi baş tutmuşdur. Müsabiqə, Odlar Yurdu Universiteti, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi, Nərimanov Rayon İcra Hakimiyyəti, Gəncliyə Yardım Fondu, Nərimanov Rayon Gənclər və İdman İdarəsi, Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyi və Dünya Gənc Türk Yazarlar Birliyinin birgə təşkilatçılığı ilə həyata keçirilmişdir.
Tədbirdə qazilər, şəhid ailələrinin üzvləri, şəhid övladları, Türkiyə Respublikasının səfirliyi, Müdafiə Nazirliyi, icra hakimiyyəti rəsmiləri, universitetlərin rektorları, xalq və əməkdar artistlər, həmçinin KİV nümayəndələri iştirak etmişlər.
Müsabiqədə Bakı şəhərində təhsil alan 9-11 sinif şagirdləri iştirak etmişdir. Müsabiqənin şərtlərinə uyğun olaraq, şagirdlər şəhidin qəhrəmanlığını, cəsurluğunu, vətənpərvərliyini və nümunəviliyini canlandırmalı, seçilən qəhrəman isə Qarabağ müharibəsində şəhid olanlardan biri olmalıdır. Müsabiqəyə ümumilikdə 428 yazı təqdim edilib. İlk mərhələdə 350 yazı arasında 50 yazı seçilərək münsiflər heyətinin qiymətləndirməsinə təqdim olunmuş və nəticədə 20 yazı qalib elan edilmişdir.
Müsabiqədə 1 nəfər I yer, 2 nəfər II yer, 3 nəfər III yerə layiq görülüb, 14 nəfər isə fərqlənmə ilə qiymətləndirilib. Paytaxtın 9 rayonunu təmsil edən 20 tədris ocağından mükafatçılar sırasına düşən iştirakçılar olmuşdur.
Müsabiqənin əsas məqsədi gənclərdə vətənpərvərlik hisslərini gücləndirmək, aprel döyüşlərində və Qarabağ müharibəsində şəhid olan bütün vətən övladlarını hafizələrə əbədi həkk etməkdir.
Tədbirin fəxri qonaqları arasında şəhid general, Milli Qəhrəman Polad Həşimovun anası Səmayə xanım və Murov qartalı şəhidi, polkovnik Raquf Orucovun həyat yoldaşı da yer almışdır. Onlar tədbirin sonunda şəhid övladlarına təşkilatçılar tərəfindən hazırlanmış hədiyyələri təqdim etmişlər.
Müsabiqə qaliblərinə diplomlar və qiymətli hədiyyələr təqdim olunmuşdur. Bu cür tədbirlər, gənclərə şəhidlərimizin şücaətini və vətənə olan sevgisini aşılayaraq, gələcək nəsillərə böyük bir örnək vətəni sevgi ilə təbliğ edir.