Odlar Yurdu Universitetində, Azərbaycanın tanınmış oftalmoloq-alimi, akademik Zərifə Əliyevanın anadan olmasının 98-ci ildönümünə həsr olunmuş “Müasir Biologiyanın Sınağı” adlı videoformatda elmi-praktik konfrans keçirilmişdir.
Konfransda Odlar Yurdu Universitetinin Tədrisin Təşkili və Yeni Təlim Texnologiyaları üzrə prorektoru, dosent Qabil Qafarov akademik Zərifə Əliyevanın oftalmologiya elminin inkişafında müstəsna xidmətlərini qeyd edib və onun tibb sahəsindəki böyük işlərinə toxunmuşdur.
Konfransda həmçinin, Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzində Elmi-məlumat, Tədris və Təşkilati-Metodik Bölməsinin rəhbəri, Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin sədr müavini, tibb üzrə fəlsəfə doktoru Yazgül Abdıyeva iştirak etmişdir. Yazgül Abdıyeva məruzəçi qismində çıxış edərək akademikin oftalmologiya sahəsindəki önəmli uğurlarından bəhs edib.
Tədbirə qonaq məruzəçi qismində Voronej Dövlət Mühəndislik Texnologiyaları Universitetinin kafedra müdiri, professor Səbuhi Niftəliyev də qatılmış və öz çıxışında Akademik Zərifə Əliyevanın tibb elminə töhfələrini vurğulamışdır.
Konfrans zamanı ümumilikdə 21 məruzə dinlənilib, müxtəlif mövzularda tibb və bioloji elmlər üzrə təqdimatlar edilib. Tədbir iştirakçıları akademikin alim kimi qazandığı böyük uğurları və Azərbaycan tibb elminin beynəlxalq səviyyədə tanınmasında əvəzsiz xidmətlərini müzakirə ediblər.
Bu tədbir, akademik Zərifə Əliyevanın elmi irsinin və tibb sahəsindəki xidmətlərinin gənc nəsil tərəfindən daha dərindən anlaşılmasına və tibb elminin inkişafına verdiyi töhfələrin qeyd olunmasına böyük bir imkan yaratmışdır.