Odlar Yurdu Universiteti və Azərbaycan İqtisadçılar İttifaqının birgə təşkilatçılığı ilə “Vətən müharibəsindən sonra işğaldan azad edilən ərazilərin Azərbaycan iqtisadiyyatına inteqrasiyası: konseptual baxış” mövzusunda videoformatda onlayn “Respublika Elmi-Praktik Konfransı” keçirilib.
Konfrans Azərbaycan Respublikasının Dövlət Himni ilə başlayıb və daha sonra Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirin açılışını Odlar Yurdu Universitetinin rektoru, fizika-riyaziyyat elmləri doktoru, professor Əhməd Vəliyev edib. Professor, cənab İlham Əliyevin “Bəsirətin ünvanı” kitabında Azərbaycan xalqının tarixində misilsiz xilaskar olacağına dair verdiyi bəyanatı iştirakçılara xatırladıb və konfrans iştirakçılarına elmi araşdırmalarında uğurlar arzulayıb.
Plenar iclasın moderatoru, iqtisad üzrə elmlər doktoru, professor Elşad Məmmədov tədbiri davam etdirib. İclasda akademik, millət vəkili, Azərbaycan İqtisadçılar İttifaqının sədri Ziyad Səmədzadə, AMEA-nın müxbir üzvü, AMEA-nın İqtisadiyyat İnstitutunun Post-Konflikt Ərazilərin Bərpası Elmi Mərkəzinin rəhbəri Akif Musayev, professorlar Vahid Novruzov, Məhiş Əhmədov, Məhəbbət Məmmədov və Vahid Abbasov, eləcə də “İqtisadçı” qəzetinin baş redaktoru Aytən Səmədzadə kimi nüfuzlu şəxslər elmi və praktiki əhəmiyyətli çıxışlar ediblər.
Konfrans, öz işini iki bölmədə davam etdirib. Birinci bölmənin moderatoru i.ü.f.d. Əşrəf Həsənov, ikinci bölmənin moderatoru isə Baş müəllim Mayıl Orucov olub. Hər iki bölmədə ümumilikdə 49 elmi-praktiki çıxış yer alıb.
Çıxışlarda Qarabağ bölgəsində iqtisadi və sosial inkişaf istiqamətləri, işğaldan azad olunan ərazilərin torpaq və ekoloji qiymətləndirilməsi məsələləri, bərpa prosesinin mərhələləri, özəlləşdirmənin xüsusiyyətləri və şəffaflığın təmin edilməsi məsələləri müzakirə edilib. Aqrar sahənin inkişafı, turizm, emal sənayesi, elektrik enerjisinin istehsalı və içməli su istifadəsi kimi prioritet sahələr barədə danışılıb.
Tədbirdə həmçinin işğaldan azad olunan torpaqlarda “Azad İqtisadi Zona”nın yaradılması, sərhədyanı bölgələrdə məskunlaşacaq əhali üçün kommunal xərc və vergi güzəştlərinin tətbiqi məsələləri müzakirə olunub. Təhsildə hərbi və hərbi-tibbi təmayüllü liseylərin təşkili və Qarabağda məskunlaşacaq əhalinin fasiləsiz növbətçilik sisteminin qurulması məsələləri də diqqətə çatdırılıb.
Konfransın nəticəsi olaraq, iştirakçılar bir daha Azərbaycanın işğaldan azad edilən ərazilərinin bərpası və inteqrasiyasının iqtisadi inkişaf üçün vacib əhəmiyyət kəsb etdiyini vurğulayıblar.