Bu gün Odlar Yurdu Universitetində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunan “Mən Qarabağam” adlı yaradıcılıq layihəsinin yekunu olaraq sərgi təşkil edilib. Sərginin açılışını Odlar Yurdu Universitetinin və Bakı Britaniya Məktəbinin təsisçisi, professor Samir Vəliyev edib. Açılış nitqindən sonra tədbirin bədii hissəsi ilə davam olunub.
Layihə çərçivəsində iştirak edən “Böyük Qayıdış”, “Dezgners”, “Dəmir Bilək” və “El-Turan” komandalarının işləri sərgilənib. Komandalar müxtəlif nominasiyalar üzrə mükafatlandırılıb. “Ən yaxşı maket”, “Ən yaxşı qrafik həll”, “Ən yaxşı interyer həll” və “Ən yaxşı rəsm əsəri” nominasiyalarında uğur qazanan komandalar mükafatlarını alıblar.
Diplomları millət vəkilləri Şahin Seyidzadə, Ramil Həsən, Naqif Həmzəyev, Ramin Məmmədov, Nərimanov rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov, YAP Nərimanov rayon təşkilatının sədri Təmraz Tağıyev, “Davam” Ümumrespublika Gənclər Hərəkatının sədri Nihad Allahyarlı, “Virtual Qarabağ” İnformasiya Kommunikasiya Texnologiyaları Gənclər İctimai Birliyinin sədri Nurəddin Mehdiyev təqdim edib.
Sonda, tədbirə qatılan qonaqların səsverməsi əsasında komandalar arasında yekun qiymətləndirmə aparılıb. “Böyük Qayıdış” komandası 1-ci, “Dezgners” komandası 2-ci, “Dəmir Bilək” komandası 3-cü, “El-Turan” komandası isə 4-cü yerə layiq görülüb. Odlar Yurdu Universitetinin rektoru, professor Əhməd Vəliyev mükafatları təqdim edib.
Tədbir zamanı həmçinin, Ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunan inşa-yazı müsabiqəsinin qalibləri də təltif edilib.