Odlar Yurdu Universitetinin tərəfdaş olduğu “Azərbaycanda rektorlar konfransı” layihəsinin təqdimatı keçirilib

05 May, 2021

Odlar Yurdu Universitetinin tərəfdaş olduğu “Azərbaycanda rektorlar konfransı” layihəsinin təqdimatı keçirilib

4 may 2021-ci ildə Avropa Komissiyasının Erasmus+ proqramı çərçivəsində Bakı Biznes Universitetinin koordinatorluğu ilə “Azərbaycanda Rektorlar Konfransı” layihəsinin təqdimatı onlayn formatda keçirilib. Tədbirdə Təhsil Nazirliyinin rəhbərliyi, Avropa İttifaqı, müxtəlif ölkələrin rektorlar konfranslarının nümayəndələri, Azərbaycanın 15 universitetinin rektorları və digər nüfuzlu qonaqlar iştirak edib.

Tədbiri açan Bakı Biznes Universitetinin rektoru, professor İbad Abbasov layihənin məqsədini açıqlayıb və yerli universitetlərlə Avropa universitetləri arasında əməkdaşlığın inkişaf etdiriləcəyini vurğulayıb. Təhsil nazirinin müavini Firudin Qurbanov beynəlxalq universitetlərarası əməkdaşlığın vacibliyindən danışıb.

Layihənin koordinatoru Gülşən Bayramova, Avropa Komissiyasının nümayəndəsi Kestutis Yankauskas və digər çıxışçılar layihənin əhəmiyyətinə toxunub. Tədbirdə Odlar Yurdu Universitetinin rektoru, professor Əhməd Vəliyev də iştirak edib.

Tədbirin yekununda iştirakçılara təşəkkür edilərək layihənin uğurla həyata keçirilməsi arzu olunub.