24 iyul 2021-ci ildə Odlar Yurdu Universitetinin həyətində, açıq havada Odlar Yurdu Universiteti, Nərimanov Rayon Gənclər və İdman İdarəsi və "Ağ Top" Şahmat Klubunun birgə təşkilatçılığı ilə şəhid Zakir Cəfərovun xatirəsinə həsr olunmuş şahmat üzrə rayon turniri keçirilib.
Turnirdə Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov, "Ağ Top" Şahmat klubunun direktoru Cavanşir Bağırov, şəhid Zakir Cəfərovun anası Kəmalə Abdullayeva və digər şəhid ailələrinin üzvləri, eləcə də rayonun fəal könüllüləri və 56 gənc şahmatçı iştirak ediblər.
Tədbirdə çıxış edənlər 1988-ci ildən sonra yaşanan Qarabağ müharibəsi və şəhidlərimizin həyatını xatırladılar, eyni zamanda 44 günlük Vətən müharibəsində əldə edilən zəfəri vurğuladılar. Şəhid Zakir Cəfərovun anası Kəmalə Abdullayeva da çıxış edərək turnir təşkilatçılarına təşəkkür etdi və oğlunun həyatına və qəhrəmanlığına dair məlumat verdi.
Tədbirin sonunda yarışların qalibləri müvafiq diplomlar, medallar və hədiyyələrlə təltif olundu. Şahmatçılar arasında ən yaxşı nəticə göstərən qızlar və 12 yaşadək uşaqlar da mükafatlandırıldılar. Sonda, şəhid Zakir Cəfərovun anasına Nərimanov Rayon Gənclər və İdman İdarəsi tərəfindən turnirin xatirə diplomu və Azərbaycan Bayrağı təqdim olundu.