Ekoloji vəziyyətin yaxşılaşdırılması, yaşıllıqların artırılması və əcnəbi tələbələrin şəbəkələşməsi ilə ictimai aktivliyinin yüksəldilməsi məqsədilə ölkəmizdə təhsil alan əcnəbi tələbələr və Dövlət proqramı məzunları Təhsil Nazirliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən ağacəkmə kompaniyasına qatılıblar.
Payız ağacəkmə mövsümünün açıq elan olunduğu bu təşəbbüsə Odlar Yurdu Universitetinin əcnəbi tələbələri də fəal şəkildə qoşulub. Tədbir çərçivəsində tələbələr müxtəlif növ ağaclar əkərək ekoloji balansın qorunmasına və təbiətə töhfə verməyə çalışıblar. Bu cür təşəbbüslər həm təbiətə xidmət etmək, həm də gənc nəsli ətraf mühitin qorunması barədə maarifləndirmək baxımından böyük əhəmiyyət daşıyır.
Tədbir iştirakçıları, ağacəkmə prosesində əcnəbi tələbələrin bir araya gəlməsi və birgə fəaliyyət göstərməsi sayəsində ölkəmizdəki müxtəlif mədəniyyətlər arasında həmrəylik və dostluq bağlarının da gücləndiyini qeyd ediblər. Həmçinin, bu cür sosial fəaliyyətlər tələbələrə daha geniş şəbəkələşmə imkanı yaradaraq onların ictimai aktivliklərini və həmrəyliklərini artırır.
Odlar Yurdu Universitetinin əcnəbi tələbələri bu cür əhəmiyyətli tədbirlərdə iştirak edərək təkcə ekoloji mühitin yaxşılaşdırılmasına töhfə verməkdən deyil, eyni zamanda ölkəmizdəki təhsil və mədəniyyət sahələrindəki inkişafın bir hissəsi olmağın fəxrini yaşayıblar.