Əziz Odlar Yurdu Universitetinin və Odlar Yurdu Kollecinin xanım professor-müəllim heyəti, əməkdaşları və tələbələri!
Sizi 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə ürəkdən təbrik edir, hər birinizə cansağlığı, səadət və gələcək işlərinizdə sonsuz uğurlar arzulayıram.
Azərbaycan qadını tariximizin hər bir dövründə cəmiyyətin mənəvi dayağı olmuş, xalqımızın milli kimliyinin qorunmasında və inkişafında əvəzsiz rol oynamışdır. Bu gün biz, əsrlər boyu zəngin milli mədəni irsimizi qorumaqla yanaşı, ali bəşəri dəyərləri gələcək nəsillərə çatdıran, onlara həyat bəxş edən qadınlarımızı yad edirik.
Ölkəmizdə qadın siyasətinin əsasını qoyan ümummilli lider Heydər Əliyev, qadın şəxsiyyətinə göstərdiyi dərin hörmət və ehtiramla, onları yalnız ailənin deyil, həm də cəmiyyətin hər bir sahəsində öz yerini tapmağa təşviq etmişdir. O, qadınların potensialını maksimum dərəcədə açmağa və ölkənin tərəqqisinə töhfə vermələrinə imkan yaratmış, onların hərtərəfli inkişafı üçün zəmin hazırlamışdır. Bu siyasət Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən qətiyyətlə davam etdirilmiş və Azərbaycan qadınının cəmiyyətdəki yeri, nüfuzu daha da möhkəmləndirilmişdir.
Biz, torpaqlarımızın müdafiəsi və işğaldan qurtarılması uğrunda canından keçmiş igid övladlarımızı ehtiramla yad edirik. Şəhid analarına, döyüşlərdə sağlamlığını itirmiş hərbçilərimizin ömür-gün yoldaşlarına, xalqımızın gələcəyini yetişdirən əsgər analarına bir daha təşəkkürlərimizi və xoş arzularımızı çatdırırıq.
Əminəm ki, öz məsuliyyətini dərk edən və hər zaman ölkəmizin tərəqqisi üçün çalışan Azərbaycan qadını bundan sonra da müstəqil respublikamızın inkişafına öz töhfələrini verməyə davam edəcəkdir.
Bir daha bayramınız mübarək, əziz xanımlar!
Dərin hörmətlə,
Professor Əhməd Vəliyev
Odlar Yurdu Universitetinin rektoru