Hörmətli Odlar Yurdu Universitetinin və Odlar Yurdu Kollecinin professor-müəllim heyəti!
Sizi 5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə səmimi qəlbdən təbrik edir, hər birinizə cansağlığı, yeni professional uğurlar və müvəffəqiyyətlər arzulayıram.
Müəllimlik – yalnız bir peşə deyil, həm də yüksək məsuliyyət tələb edən, cəmiyyətin inkişafında müstəsna rol oynayan bir missiyadır. Hər bir müəllim öz zəhməti ilə gələcəyin qurulmasında və cəmiyyətin hər sahəsində möhkəm təməl daşlarının qoyulmasında əvəzsiz xidmətlər göstərir. Azərbaycan təhsilinin inkişafında və yeni nəslin yetişməsində sizin zəhmətiniz və fədakarlığınız olduqca qiymətlidir. Sizlər öz bilik və təcrübənizlə gələcəyin liderlərini yetişdirir, onları həm müasir dövrün tələblərinə uyğun, həm də milli mənəvi dəyərlərlə zəngin vətənpərvər vətəndaşlar olaraq tərbiyə edirsiniz.
Ümummilli liderimiz Heydər Əliyev demişdir: “Mən müəllimdən yüksək ad tanımıram.” Bu dəyərli sözlər, müəllimlərin cəmiyyətdəki yeri və əhəmiyyətini bir daha vurğulamaqdadır. Ulu öndər Heydər Əliyev öz dövründə təhsil sahəsini xüsusi diqqət mərkəzinə qoymuş, müəllimlərə olan yüksək qiymətini hər zaman bəyan etmişdir. Bu ənənə bu gün də Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməkdədir. Azərbaycan müəllimi yalnız bilik verməklə kifayətlənmir, həm də cəmiyyətin mənəvi inkişafında mühüm rol oynayır.
Müəllimlərimizə olan dərin hörmətimiz, onların hər birinin ölkəmizin inkişafına verdiyi dəyərli töhfələrin qiymətləndirilməsi ilə bağlıdır. Bu münasibətlə, təhsil sahəsindəki əvəzsiz xidmətlərinizə görə sizə təşəkkür edir, işlərinizdə daim yüksək uğurlar və yeni zirvələr arzulayıram.
Əminəm ki, Odlar Yurdu Universitetinin və Odlar Yurdu Kollecinin professor-müəllim heyəti təhsil sahəsindəki əzmkarlığı və peşəkarlığı ilə ölkəmizin gələcəyinin daha da işıqlı olmasına öz müstəsna töhfələrini verməyə davam edəcəkdir.
Bir daha Beynəlxalq Müəllimlər Gününüz mübarək olsun!
Dərin hörmətlə,
Professor Əhməd Vəliyev
Odlar Yurdu Universitetinin rektoru