Odlar Yurdu Universitetində “Maarifçi” təcrübə proqramı ilə bağlı infosessiya keçirilmişdir

16 Aprel, 2025

Odlar Yurdu Universitetində “Maarifçi” təcrübə proqramı ilə bağlı infosessiya keçirilmişdir
Odlar Yurdu Universitetində Elm və Təhsil Nazirliyinin təşəbbüsü və Təhsilin İnkişafı Fondunun dəstəyi ilə üçüncü “Maarifçi” tələbə-məzun təcrübə proqramına dair infosessiya keçirilmişdir. Tədbir universitetin Karyera və məzunlarla iş (ALUMNI) departamentinin təşəbbüsü ilə təşkil olunmuşdur.
Sessiyada departamentinin rəhbəri Aslan Əzimzadə çıxış edərək proqram haqqında iştirakçılara ətraflı məlumat təqdim etmişdir. O, “Maarifçi” proqramının məqsədləri, seçim mərhələləri, təcrübə sahələri, struktur hissələri və qiymətləndirmə meyarları barədə geniş məlumat vermişdir.
Tədbirdə Odlar Yurdu Universitetinin bakalavr, magistr və doktorant tələbələri, eləcə də məzunları fəal şəkildə iştirak etmişlər. Sessiya zamanı iştirakçıların proqramla bağlı ünvanladıqları suallar ətraflı şəkildə cavablandırılmışdır.
Qeyd edək ki, “Maarifçi” təcrübə proqramının əsas məqsədi tələbə və yeni məzunlara real iş mühitində təcrübə qazanmaq imkanı yaratmaqdır. Bu proqram gənclərin nəzəri biliklərini praktik bacarıqlara çevirməsinə, peşəkar vərdişlər əldə etməsinə və əmək bazarına daha hazırlıqlı şəkildə çıxmasına şərait yaratmışdır.
Odlar Yurdu Universiteti tələbələrinin peşəkar inkişafını daim diqqət mərkəzində saxlayır və bu kimi təşəbbüslərlə onların gələcək karyerasında dəstəkçi olmağa çalışır.