OYU-da Akademik Zərifə Əliyevanın 102 illiyinə həsr olunmuş konfrans keçirilmişdir

27 Aprel, 2025

OYU-da Akademik Zərifə Əliyevanın 102 illiyinə həsr olunmuş konfrans keçirilmişdir
Odlar Yurdu Universitetinin Biologiya və ekologiya kafedrası və Tələbə Elmi Cəmiyyəti tərəfindən akademik Zərifə Əliyevanın 102 illik yubileyinə həsr olunmuş konfrans keçirilmişdir.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanmışdır. Ardınca, müasir Azərbaycan dövlətinin qurucusu, Ümummilli Lider Heydər Əliyevin və akademik Zərifə Əliyevanın əziz xatirələri bir dəqiqəlik sükutla yad edilmişdir.
Konfransı Odlar Yurdu Universitetinin Biologiya və ekologiya kafedrasının müdiri, professor Ramazan Məmmədov açmış və akademik Zərifə Əliyevanın yüksək ziyalılığı, müdrikliyi və tədqiqatçılıq bacarığı ilə həm ölkəmizdə, həm də beynəlxalq səviyyədə rəğbət qazandığını vurğulamışdır. Professor Ramazan Məmmədov bildirmişdir ki, Zərifə xanım Əliyevanın ömür yolu, hər bir azərbaycanlı üçün həyat və mənəviyyat dərsi, kamillik və müdriklik məktəbi olmuşdur. Onun yorulmaz fəaliyyəti sayəsində minlərlə insan şəfa tapmış, Zərifə xanım Azərbaycan səhiyyəsinin inkişafına böyük töhfələr vermişdir.
Konfrans çərçivəsində Tələbə Elmi Cəmiyyəti və Biologiya və ekologiya kafedrasının təşkilatçılığı ilə keçirilən "Zəkanın Gözündən – Zərifə Əliyeva xatirə yarışı" adlı məntiq və bilik yarışının qalibləri mükafatlandırılmışdır.
Odlar Yurdu Universitetinin tələbələri, akademik Zərifə Əliyevanın zəngin elmi irsini, Azərbaycan oftalmologiyasına verdiyi mühüm töhfələri vurğulamışlar.
Daha sonra, görkəmli alim Zərifə Əliyevanın fəaliyyətini əks etdirən və tələbələrimiz tərəfindən hazırlanan sənədli film nümayiş etdirilmişdir.