Odlar Yurdu Universitetinin tələbələri növbəti mədəni uğurları ilə fərqlənmişdir. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Gənclər Fondu və Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrının tərəfdaşlığı, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) təşkilatçılığı ilə həyata keçirilmiş CreART Proqramı çərçivəsində səhnələşdirilmiş “13. Stansiya” adlı tamaşada Odlar Yurdu Universitetinin İqtisadiyyat və idarəetmə fakültəsinin tələbəsi Səma Kazımova, Təbiət və texnologiya fakültəsinin tələbələri Əhmədəli Rəsulov, Elnur Cahangirov və Fəridə Rəhimova uğurla iştirak etmişlər.
Teatr və yaradıcılığın vəhdətini təqdim edən bu mistik və düşündürücü səhnə əsəri gənclərin estetik dünyagörüşünü genişləndirməyi, eləcə də müasir teatr sənətinə marağı artırmağı hədəfləmişdir. Tələbələr canlandırdıqları obrazlarla seçilmiş, səhnədəki emosional dolğunluqları və peşəkar ifaları ilə tamaşaçılardan yüksək rəğbət qazanmışlar.
Tamaşa boyunca hər bir səhnə detalı izləyiciləri fərqli bir emosional səyahətə aparmış, gənc yaradıcılarla teatr peşəkarlarını bir araya gətirmişdir.
Odlar Yurdu Universiteti tələbələrinin bu kimi mədəni layihələrdə fəal iştirakı onların yalnız elmi biliklərlə deyil, eyni zamanda zəngin yaradıcılıq potensialı ilə də seçildiyini bir daha sübut etmişdir.