“Konstitusiya və Suverenlik” İli çərçivəsində Odlar Yurdu Universitetində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş “Əbədi lider, əbədi suverenlik – Heydər Əliyev və hüquqi dövlət quruculuğu” adlı genişmiqyaslı tədbir təşkil olunmuşdur.
Tədbir universitetin foyesində yerləşən Ulu Öndər Heydər Əliyevin büstü önünə gülqoyma mərasimi ilə başlamış, daha sonra akt zalında davam etdirilmişdir. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmiş, Ümummilli Liderin əziz xatirəsi bir dəqiqəlik sükutla yadedilmişdir.
Tədbirdə Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən qısa videoçarx nümayiş etdirilmişdir.
Daha sonra tədbirin açılış nitqi ilə çıxış edən Odlar Yurdu Universitetinin rektoru, professor Əhməd Vəliyev qeyd etmişdir ki, Ümumilli Lider Heydər Əliyev Azərbaycanın müstəqil dövlətçiliyinin əsasını qoymuş, hüquqi dövlətin formalaşmasına mühüm töhfələr vermiş dahi bir şəxsiyyətdir. Cənab rektor bildirmişdir ki, 1995-ci ildə qəbul olunmuş ilk Konstitusiya Ulu Öndər Heydər Əliyevin rəhbərliyi və siyasi iradəsi ilə hazırlanmış və qəbul olunmuşdur. Professor Əhməd Vəliyev çıxışında bu dəyərlərin gənc nəslə aşılanmasının zəruriliyini də vurğulamışdır.
Ardınca “Heydər Əliyev və hüquqi Dövlət quruculuğu” mövzusunda keçirilmiş inşa-yazı, rəsm, bədii qiraət, natiqlik müsabiqəsinin və məntiq-bilik yarışının qaliblərinə fəxri fərmanlar təqdim olunmuşdur.
Tədbir çərçivəsində Ulu Öndər Heydər Əliyevə həsr olunmuş “Xalqın xilaskarı” adlı kompozisiya nümayiş etdirilmiş, ardınca isə Ümummilli Liderin xilaskarlıq missiyasına həsr olunmuş “Dahi sərkərdə” adlı mahnı səsləndirilmişdir.
Odlar Yurdu Universitetində təşkil olunmuş bu tədbir Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyində oynadığı müstəsna rolu bir daha vətənpərvərlik ruhunda vurğulamış, iştirakçılarda dərin təəssürat yaratmışdır.