Bu gün – 10 may 2025-ci il – Azərbaycan xalqının Ümummilli Lideri, dünya miqyaslı siyasi xadim Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür.
Zəmanəsinin nəhəng dövlət adamı, Azərbaycançılıq ideologiyasının banisi, müasir müstəqil Azərbaycanın memarı olan Ulu Öndər Heydər Əliyev xalqımızın taleyində misilsiz rol oynamış, ölkəmizi zamanın sərt sınaqlarından uğurla çıxarmış, sabitliyə və inkişaf yoluna qovuşdurmuş tarixi şəxsiyyətdir. Onun əzmkarlığı, siyasi iradəsi və müdrikliyi Azərbaycanı dünya arenasında tanıdan və tanıdıqca yüksəldən bir amalın təntənəsinə çevrildi.
Bu gün Heydər Əliyev cismani baxımdan aramızda olmasa da, onun ideyaları, yaratdığı dövlətçilik məktəbi və strateji uzaqgörənliyi Azərbaycan həyatının bütün sahələrində yaşayır və inkişaf edir. Onun müəyyənləşdirdiyi inkişaf yolu bu gün Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev tərəfindən qətiyyətlə davam etdirilir.
2020-ci ildə 44 gün davam edən Vətən müharibəsi Ulu Öndərin ən böyük arzularından birinin – Qarabağın azadlığının reallaşmasına zəmin yaratdı. 8 noyabr tarixində Şuşanın işğaldan azad edilməsi ilə Azərbaycan xalqı 28 illik nisgili tarixin yaddaşına qovuşdurdu, Vətən sevgisinin, milli birlik və iradənin parlaq qələbəsini yaşadı. Prezident İlham Əliyev Ulu Öndərin “Şuşasız Qarabağ, Qarabağsız Azərbaycan yoxdur” kəlamını gerçəyə çevirməklə, tarixi ədaləti bərpa etdi və xalqımıza Zəfər sevincini bəxş etdi.
Odlar Yurdu Universiteti və Odlar Yurdu Kolleci olaraq bu əlamətdar gündə xalqımızın taleyində silinməz izlər qoymuş dahi şəxsiyyətin – Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsini dərin ehtiram, hörmət və sonsuz minnətdarlıqla yad edirik.
Və böyük qürurla deyirik:
Nə yaxşı ki, Azərbaycanın Heydər Əliyev zirvəsi var! Nə yaxşı ki, onun layiqli davamçısı, qüdrətli liderimiz Prezident İlham Əliyev var!