Odlar Yurdu Universitetinin Təbiət və texnologiya fakültəsinin İnformasiya texnologiyaları və kompüter mühəndisliyi ixtisası üzrə təhsil alan tələbələri 19-20 aprel tarixlərində Bakı Avrasiya Universitetində keçirilmiş “EduHack 2025: Öyrənmənin Gələcəyinə İnnovasiya” adlı hakatonda iştirak etmişlər.
Təhsilin gələcəyinə dair innovativ ideyaların yarışdığı bu hakaton, gənc innovatorları bir araya gətirmək məqsədi daşımış və iştirakçılara kreativ yanaşmalarını reallaşdırmaq imkanı yaratmışdır. Odlar Yurdu Universitetinin tələbələri – Elmir Quliyev, Elnur İbrahimli, Məhərrəmli Məhəmməd, Mehdi Rəfiyev, Nərmin Abdullayeva, Fidan İsgəndərli və Dostuxanım Quliyeva – tədbirdə fəal iştirak etmiş, müasir təhsil texnologiyaları üzrə yaradıcı layihələr təqdim etmişlər.
Tələbələrə mentorluq dəstəyini Odlar Yurdu Universitetinin Startap və inkubasiya mərkəzinin rəhbəri, Riyaziyyat və rəqəmsal texnologiyalar kafedrasının müəllimi Rəvanə Göyüşlü göstərmişdir. Onun rəhbərliyi və peşəkar dəstəyi sayəsində komanda layihələrini uğurla təqdim etmiş, texnoloji bilik və bacarıqlarını nümayiş etdirmişlər. Həmçinin, kafedranın digər müəllimi Sənan Niyazi də mentor qismində çıxış etmiş və iştirakçılara əhəmiyyətli töhfələr vermişdir.
Rəsmi çıxışlar, spiker sessiyaları, layihə təqdimatları, musiqili resital və xatirə fotosessiyası ilə yadda qalan bu tədbirdə Odlar Yurdu Universitetinin tələbələri öz ideyalarını həyata keçirmək və texnologiya sahəsindəki yaradıcılıqlarını nümayiş etdirmək imkanı qazanmışlar.