Odlar Yurdu Universitetinin tələbələri FHN-in Akademiyasında keçirilən TEC-lərin II-ci görüşündə uğurla iştirak etmişlər

14 May, 2025

Odlar Yurdu Universitetinin tələbələri FHN-in Akademiyasında keçirilən TEC-lərin II-ci görüşündə uğurla iştirak etmişlər
Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Akademiyasının təşəbbüsü ilə ali təhsil müəssisələrinin Tələbə Elmi Cəmiyyətləri (TEC) arasında qarşılıqlı əməkdaşlığın gücləndirilməsi və ortaq elmi təşəbbüslərin təşviqi məqsədilə Tələbə Elmi Cəmiyyətlərinin II-ci respublika görüşü keçirilmişdir.
Tədbirdə ölkənin nüfuzlu ali və xüsusi təyinatlı ali təhsil müəssisələrinin TEC sədrləri və onların müavinləri iştirak etmiş, Tələbə Elmi Cəmiyyətlərinin inkişaf perspektivləri, elmi əməkdaşlığın yeni imkanları və respublika səviyyəsində vahid TEC İttifaqının yaradılması məsələləri müzakirə olunmuşdur.
Görüşdə Odlar Yurdu Universiteti yüksək səviyyədə təmsil olunmuşdur. Universitetin Tələbə Elmi Cəmiyyətinin sədri Ayna Məmmədova və sədr müavini Ayan Əliyeva tədbirdə fəal iştirak edərək universitetimizin elmi mühitə verdiyi töhfəni uğurla nümayiş etdirmiş, müxtəlif elmi təşəbbüslərlə çıxış etmişlər. Onların irəli sürdüyü təkliflər, o cümlədən birgə tələbə konfranslarının təşkili, TEC İttifaqının struktur modelinin formalaşdırılması və elmi müsabiqələrin keçirilməsi ilə bağlı ideyalar tədbir iştirakçıları tərəfindən maraq və rəğbətlə qarşılanmışdır.
Tədbirin açılışında çıxış edən FHN Akademiyasının rəis müavini, polkovnik Aslan Hüseynov Tələbə Elmi Cəmiyyətlərinin elmi fəaliyyətin inkişafındakı rolunu yüksək qiymətləndirmiş, gənc tədqiqatçıların formalaşmasında universitetlərarası əməkdaşlığın və elmi birliyin əhəmiyyətini vurğulamışdır.
Görüşün yekununda təşkilati məsələlərin həlli məqsədilə işçi qruplar və müvəqqəti müşahidə şurası formalaşdırılmış, bu orqanlara Odlar Yurdu Universitetinin nümayəndələri də daxil edilmişlər.
Odlar Yurdu Universiteti bu önəmli təşəbbüsdə nümayiş etdirdiyi fəallıqla bir daha tələbə elminin inkişafına göstərdiyi xüsusi diqqəti və dəstəyi təsdiqləmişdir. Universitetimizin nümayəndələrinin təşəbbüskarlığı, liderlik keyfiyyətləri və yüksək elmi hazırlığı tədbir iştirakçıları tərəfindən böyük təqdirlə qarşılanmışdır.