Odlar Yurdu Universitetində “Karyera Planlaması və Motivasiya” təlimi keçirilmişdir

17 May, 2025

Odlar Yurdu Universitetində “Karyera Planlaması və Motivasiya” təlimi keçirilmişdir
Odlar Yurdu Universitetində tələbələrin peşəkar inkişafına dəstək məqsədilə növbəti maarifləndirici tədbir uğurla həyata keçirilmişdir. Universitetin Tələbə Gənclər Təşkilatının və Sabunçu Gənclər Evinin birgə təşkilatçılığı ilə baş tutan “Karyera planlaması və motivasiya” adlı təlim tələbələr tərəfindən böyük maraqla qarşılanmışdır.
Təlimi Sabunçu Gənclər Evinin direktoru Kamil Yaqubov aparmış və iştirakçılarla şəxsi təcrübələrini, karyera yolunda qarşılaşdığı çətinlikləri və onlardan çıxış yollarını bölüşmüşdür. Gənclərin uğura aparan yolda özlərinə inamlarını artırmaq, məqsədyönlü fəaliyyətə həvəsləndirmək və gələcək planlarını daha aydın şəkildə formalaşdırmaq bu təlimin əsas məqsədlərindən olmuşdur.
Odlar Yurdu Universiteti tələbələrin hərtərəfli inkişafını və onların əmək bazarına daha hazırlıqlı şəkildə daxil olmalarını daim diqqət mərkəzində saxlayır. Bu baxımdan universitetdə keçirilən bu kimi təlimlər tələbələrin şəxsi inkişafına və motivasiyasının yüksəldilməsinə mühüm töhfə verir.
Odlar Yurdu Universiteti gələcəkdə də müxtəlif mövzularda yerli və beynəlxalq mütəxəssislərin iştirakı ilə interaktiv təlim və seminarların təşkilini davam etdirməyi planlaşdırmışdır.