Bakıda, “The Ritz-Carlton” otelində Odlar Yurdu Universitetinin təşkilatçılığı ilə “Scopus” elmi bazasında indekslənən “Ağıllı ətraf mühit və yaşıl texnologiyalar” adlı 2-ci beynəlxalq elmi konfrans uğurla keçirilmişdir.
Konfrans Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlamışdır.
Konfransda açılış nitqi ilə çıxış edən Odlar Yurdu Universitetinin İdarəetmə Şurasının sədri, millət vəkili, professor Samir Vəliyev müasir dövrdə ekoloji tarazlığın qorunmasının, ətraf mühitin mühafizəsinin və iqlim dəyişikliklərinə qarşı mübarizənin qlobal önəm daşıdığını vurğulamışdır. O, qeyd etmişdir ki, yaşıl texnologiyaların inkişafı və alternativ enerji mənbələrindən səmərəli istifadə ölkəmizin dayanıqlı inkişaf strategiyasının mühüm tərkib hissəsidir.
Professor Samir Vəliyev Odlar Yurdu Universitetinin elmi innovasiyaların təşviqi və beynəlxalq əməkdaşlıqların genişləndirilməsi istiqamətindəki fəaliyyətini yüksək qiymətləndirərək, bu cür beynəlxalq tədbirlərin ölkəmizin elmi potensialının dünyaya təqdim olunmasında əvəzsiz rol oynadığını vurğulamışdır.
Daha sonra çıxış edən OYU-nun Keyfiyyət təminatı, innovasiyalar və beynəlxalq əlaqələr üzrə prorektoru, professor Fəxrəddin Məmmədov müstəqillik dövründə Azərbaycanın beynəlxalq aləmdə bir çox əhəmiyyətli tədbirlərə ev sahibliyi etdiyini qeyd etmiş, “Ağıllı ətraf mühit və yaşıl texnologiyalar” adlı beynəlxalq konfransın ölkəmizdə ikinci dəfə keçirilməsinin Azərbaycanın artan beynəlxalq nüfuzunun göstəricisi olduğunu bildirmişdir.
Sonra konfransda AMEA-nın NKPİ-nin direktoru və çoxfunksiyalı reagentlərin kimyası və texnologiyası şöbəsinin müdiri, professor Vaqif Abbasov, Milli Məclisin deputatları Sadıq Qurbanov və Ceyhun Məmmədov, Elm və Təhsil Nazirliyi İdarəetmə Sistemləri İnstitutunun baş direktoru, akademik Əli Abbasov çıxış etmişlər.
Həmçinin, dünya şöhrətli alimlər — kanadalı professor Witold Pedrycz və polşalı professor Janusz Kacprzyk, eləcə də Malayziyanın Sunway Universitetindən professor M. Kheireddine Aroua tədbirin əhəmiyyətindən bəhs etmişlər.
Plenar iclasdan sonra konfrans bölmələr üzrə davam etmiş, burada ağıllı ətraf mühit və yaşıl texnologiyalar sahəsində yeni modullar, proqramlar və süni intellekt üzərində aparılan tədqiqatlar təqdim edilmişdir. Konfransda ağıllı şəhər və ağıllı kəndlərin yaradılması üçün uyğun ekosistemlər mövzusunda da dəyərli məruzələr dinlənilmişdir.
Xaricdən qatılan məruzəçilərin fikirləri yerli tədqiqatçılar tərəfindən böyük maraqla qarşılanmışdır. İkinci gün isə Odlar Yurdu Universitetində bölmələr üzrə davam edən konfransda professor-müəllim heyəti və qonaqların iştirakı ilə qiymətli məruzələr dinlənilmişdir.