YAP Nərimanov rayon təşkilatı və Odlar Yurdu Universitetinin birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində “28 May – Müstəqillik Günü” münasibətilə tədbir keçirilmişdir.
Tədbirdən öncə Odlar Yurdu Universitetinin foyesində dahi şəxsiyyət Heydər Əliyevin büstü önünə tər gül dəstələri qoyulmuş, əziz xatirəsi ehtiramla yad edilmişdir.
Tədbirdə ilk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmiş, daha sonra Ulu Öndər Heydər Əliyevin və Vətənimizin bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz ruhu bir dəqiqəlik sükutla yad edilmişdir.
Tədbiri giriş sözü ilə YAP Nərimanov rayon təşkilatının sədri Elçin Quliyev açmış, zəngin dövlətçilik ənənələri olan Azərbaycan xalqının XX əsrin əvvəlində müsəlman Şərqində ilk demokratik respublikanı yaratmasının mühüm tarixi nailiyyət olduğunu qeyd etmişdir. 23 ay fəaliyyət göstərmiş Azərbaycan Xalq Cümhuriyyətinin 1920-ci ildə endirilmiş üçrəngli bayrağının növbəti dəfə Ümummilli Lider Heydər Əliyev tərəfindən Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sessiyasında qaldırıldığını xatırlatmışdır. Mövcud tarixi şəraitdə Cümhuriyyətin qurulması, yaradılmış demokratik təsisatlar, Azərbaycan dilinin dövlət dili elan edilməsi, Milli Ordunun təşkil olunması, qadınlara seçki hüququnun verilməsi və s. istiqamətlərdə görülmüş işlər barədə məlumat verən təşkilat sədri Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2018-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinin respublikamızda dövlət səviyyəsində qeyd edildiyini vurğulamışdır.
Tədbirdə Milli Məclisin deputatları, YAP İdarə Heyətinin üzvləri Azər Badamov, Hikmət Babaoğlu, Odlar Yurdu Universitetinin rektoru, professor Əhməd Vəliyev, Vətən müharibəsi qəhrəmanı Azad Hümbətovun atası – Nərimanov rayon Ağsaqqallar Şurasının sədri Arif Hümbətov çıxış edərək, milli istiqlal tariximizin şərəfli səhifəsi olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranma tarixi, qısa müddətdə həyata keçirmiş olduğu islahatlar, ölkənin demokratikləşdirilməsi və insan hüquqları sahəsində atılmış addımlar, dövlətçiliyimizin möhkəmləndirilməsi istiqamətində əldə olunmuş uğurlar barədə fikirlərini bölüşmüşlər.
Natiqlər bildirmişlər ki, bu gün Ulu Öndər Heydər Əliyevin siyasi irsinin layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən siyasi ənənələrə və dövlətin qorunmasının ali prinsiplərinə uyğun olaraq müstəqilliyimizin qorunub saxlanılması, Azərbaycanda demokratik cəmiyyətin formalaşdırılması, hüquqi dövlət quruculuğunun daha da dərinləşdirilməsi istiqamətində həyata keçirilmiş misilsiz islahatlar Azərbaycanın dövlətçilik ənənələrinin bu gün də yaşadığını sübut etmişdir.
Tədbirdə Yeni Azərbaycan Partiyasının ictimai-siyasi həyatında fəallığı ilə seçilmiş Odlar Yurdu Universitetinin tələbələrinə sertifikatlar, partiyanın sıralarına yeni qoşulmuş şəxslərə isə üzvlük vəsiqələri təqdim edilmişdir.
Tədbirin bədii hissəsində Odlar Yurdu Universitetinin tələbələrinin təqdimatında şeirlər və mahnılar səsləndirilmişdir.