Odlar Yurdu Universitetində Azərbaycan Respublikasının müstəqilliyinin 107-ci ildönümünə və universitetin yaranmasının 30 illiyinə həsr olunmuş “Odlar Yurdum, Azərbaycanım” adlı təntənəli tədbir keçirilmişdir.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin ifası ilə açıq elan olunmuşdur. Dövlət Himni universitetin xor kollektivinin yüksək peşəkarlıqla ifasında səsləndirilmişdir. Daha sonra Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda edən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunmuşdur.
Tədbir çərçivəsində universitetimizin TEC sədri Ayna Məmmədova tərəfindən böyük şair Məmməd Arazın “Ana torpaq” şeiri səsləndirilmişdir. Şeirin duyğusal və vətənpərvərlik ruhunda ifası tədbir iştirakçılarına dərin təsir bağışlamışdır.
Ardınca universitetimizin tələbələri – Səməd Muradov və Nuru Xudaverdiyev solist qismində, universitetin xor kollektivi ilə birgə “Azərbaycan” mahnısını yüksək sənətkarlıqla ifa etmişlər.
Tədbir iştirakçılarına xüsusi emosional anlar bəxş edən çıxışlardan biri də tələbələrimizin ifasında təqdim olunan “Azərbaycan” şeiri olmuşdur.
Daha sonra universitetin tələbələri Rəhilə Dadaşova və Sevinc Süleymanova səhnəyə çıxaraq vətənpərvər ruhda ifa etdikləri “Bu diyarın” kompozisiyanı “Odlar Yurdu” rəqs ansamblının müşayiəti ilə təqdim etmişlər.
Yubiley tədbiri çərçivəsində universitet tələbələrinin il ərzində əldə etdikləri uğurları əks etdirən video-çarxlar nümayiş etdirilmişdir. Respublika və beynəlxalq səviyyəli layihələrdə fəal iştirak etmiş, fərqlənmiş, eləcə də intizam və akademik nailiyyətlərə görə tələbələrimizə fəxri fərmanlar təqdim olunmuşdur.
Tədbirin sonunda Odlar Yurdu Universitetinin əməkdaşlarının ifasında universitetin 30 illiyinə həsr olunmuş “Təhsilinlə ucaldım” adlı mahnı səsləndirilmiş və universitetin 30 illik inkişaf yolunu əhatə edən xüsusi hazırlanmış video-klip nümayiş etdirilmişdir.
Tədbir yüksək əhval-ruhiyyə və qürurverici atmosfer ilə yadda qalmış, iştirakçılarda həm milli kimliyə bağlılıq, həm də təhsilin gücünə olan inamı bir daha gücləndirmişdir.